Azərbaycan təhsili azsaylı təhsil sistemlərindən biridir ki, dəfələrlə radikal dəyişikliklərə məruz qalıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsildə hər zaman keçmişdən daha çox gələcəyə, yeniliyə doğru addımlamaq lazımdır:
“Müəllim peşəsi elədir ki, daim dəstəyə ehtiyacı olur. Onların da sürətli dəyişikliklər barədə məlumatlandırılması vacib məqamdır. Heç də bütün müəllimlərin xarici dili bilmək imkanı olmur. Heç də hər kəs xarici dili yaxşı bilmir. Bu da müəllimlərin xarici tədqiqatları oxuyaraq onlarla tanış ola bilmələrinə maneədir”.
E.Əmrullayev vurğulayıb ki, son illər ərzində bir neçə istiqamətdə islahatlar aparılır:
“Əsas fokuslandığımız iş isə müəllimlərin fənn bilikləridir. Çünki fənn bilikləri zəif olan müəllimin metodik bacarıqları yuxarı ola bilməz. Müxtəlif insanlar fənlər barədə bilikli ola bilər, amma bu, onların savadlı müəllim olması demək deyil”.
Nazir qeyd edib ki, gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur.
“Metodik kabinetlər yaradılacaq. Keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var. Yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır. Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımı şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin”, – elm və təhsil naziri əlavə edib.