Azərbaycanda növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerji payınının 38%-ə, 2035-ci ildə isə təxminən 43%-ə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi nəzərdə tutulur.
Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Çinlə tərəfdaşlıq Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialı və Mərkəzi Asiyanın “yaşıl enerji” resurslarına əsaslanan “yaşıl enerji dəhlizləri”nin reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi – “Transxəzər Yaşıl Enerji Dəhlizi” “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri və interkonnektorları ilə inteqrasiya edilməklə, Asiya ilə Avropa arasında yerləşən “Orta Dəhliz” boyunca bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq. “Yaşıl enerji” interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanmış və təbiəti etibarilə dəyişkən olan günəş və külək enerjisinin ehtiyac olan regionlara çatdırılmasına, bərpa olunan enerjinin səmərəli istifadəsinə və enerji sistemləri arasında qarşılıqlı dayanıqlığın təmininə xidmət edən kritik infrastruktur elementləridir. Bu kontekstdə regionlararası inteqrasiya ŞƏT ölkələrindən Azərbaycana, buradan isə Türkiyə və Avropa bazarlarına “yaşıl enerji”nin ötürülməsi üçün əsas vasitəyə çevriləcəkdir. Bu əməkdaşlıq Çin üçün texnologiya transferi və investisiya imkanlarının genişlənməsi ilə yanaşı, “Yaşıl İpək Yolu” təşəbbüsünü və ŞƏT-in enerji gündəliyini praktik nəticələrlə dəstəkləyən platforma olacaqdır”.
Nazir, həmçinin enerji təhlükəsizliyi, iqlim öhdəlikləri və iqtisadi davamlılıq kimi çağırışlarla dərin transformasiya mərhələsində olan qlobal enerji sektorunda innovasiyaların roluna dair fikirlərini bölüşüb. Azərbaycanın “yaşıl enerji zonaları” modeli, növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 38%-ə, 2035-ci ildə isə təxminən 43%-ə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisinin istifadəsi, həmçinin interkonnektorlar layihələrinin məhz innovasiyalara əsaslandığı diqqətə çatdırılıb.