5 C
Baku
Saturday, December 14, 2024

Nazir: Bəzi vergi dərəcələrini optimallaşdırmaqla vergi yükü azaldıla bilər

İyulun 12-də Vergilər Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) birgə təşkilatçılığı ilə qurumun üzvləri və sahibkarlarla görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, “AHK-İmpuls” tədbirində vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AHK Azərbaycan rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib.

Tədbirdə çıxış edən “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Bauman Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir. İqtisadi əlaqələrin möhkəmlənməsində “AHK Azərbaycan”ın fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. T.Bauman ölkəmizin vergi sistemində son dövrlərdə aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması və vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Görüşdə vergilər naziri Mikayıl Cabbarov “Biznesə yeni yanaşma” mövzusunda çıxış edib. Bildirilib ki, Vergilər Nazirliyi biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verir. Palata hər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir, eyni zamanda, Vergilər Nazirliyi təşkilatla yaxşı platformaya çevrilmiş bu əlaqələrin biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli nəticələr verəcəyini gözləyir.

Vergilər naziri bildirib ki, Prezident İlham Əliyev tərəfindən rəhbərlik etdiyi qurumun qarşısına vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi orqanlarında şəffaflığın təmin olunması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirilib. Vergilər Nazirliyinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilən vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur. Hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilməkdədir, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

M.Cabbarov bildirib ki, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apelyasiya institutunun yaradılmasıdır. Bu struktur vergi orqanı ilə vergi ödəyiciləri arasında mübahisələrin ədalətli şəkildə həll olunması və şəffaflığın təmin olunmasına, vergi orqanlarından şikayətlərə obyektiv və vaxtında baxmaqla vergi ödəyicilərinin etimadının artırılmasına xidmət edəcək.

İslahatların digər mühüm istiqamətlərindən biri vergi auditinin təkmilləşdirilməsidir. Bu məqsədlə yaradılmış audit departamenti yoxlama və nəzarət tədbirlərinin vahid mərkəzdən idarə olunması, yoxlamaların koordinasiyası, rəqəmsal texnologiyalara əsaslanan təkmil risk qiymətləndirilməsinin həyata keçirilməsi, yoxlamaların keyfiyyətinin artırılması, audit sistemin şəffaf, effektiv və keyfiyyətli qurulmasına imkan yaradacaq. Risklərin qiymətləndirilməsi meyarı vergi orqanı əsas fəaliyyət istiqamətlərindən olacaq.

Nazir qeyd edib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin aparılması məqsədilə ixtisaslaşmış strukturlar yaradılıb. Yeni institusional struktur vergi siyasətini dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmış analitik potensial üzərindən qurulmasına yardım edəcək. Makro və mikro səviyyədə iqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması mümkün olacaq. Bu siyasət kiçik və orta sahibkarlığın dəstəklənməsinə, vergitutma bazasının genişlənməsinə, vergi mədəniyyətinin gücləndirilməsinə öz töhfəsini verəcək.

Bildirilib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir.

Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən vergilər naziri qeyd edib ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir. Bu islahatlar qeyri-rəsmi məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, könüllü əməletmənin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. M.Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

Sonra tədbirdə qarşılıqlı maraq doğuran və iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər