1 C
Baku
Saturday, December 14, 2024

Nazir Bakıda Elektron Ticarət Forumunun keçirilməsini təklif edib

Bu gün Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda açılış nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, son illər Azərbaycanda elektron ticarət sahəsində xeyli işlər görülüb.

Onun sözlərinə görə, Azərbaycanda elektron ticarət sürətlə inkişaf etməkdədir: “Bu da ölkədə biznesin inkişafına böyük təkan verməkdədir. Belə ki, 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 25 milyon manat, 2017-ci ildə isə 46 milyon manatdan çox olub. Azərbaycan beynəlxalq reytinq cədvəllərinə əsasən, elektron ticarət səviyyəsinə görə 144 ölkə arasında 64-cü yerdədir”.

Nazir bu ilin sentyabr ayında Bakıda Elektron Ticarət Forumunun keçirilməsini təklif edib. O, birgə əməkdaşlığın davamlı olması üçün Avropa İttifaqı, BMT, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla birlikdə bu ilin sentyabrında Bakı Elektron Ticarət Forumunun keçirilməsini vacib hesab etdiyini qeyd edib: “Burada elektron ticarətin detalları müzakirə ediləcək, bu sahənin inkişafı üçün töhfə veriləcək”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir: “Burada böyük perspektivlər var. Azərbaycan Avropa İttifaqı üçün böyük tranzit potensialına malik ölkədir. Burada dəniz, su və dəmir yolları xətləri var. Bu xidmətlər də getdikcə rəqəmsallaşır”.

Avropalı səfir qeyd edib ki, Avropa İttifaqı bu sahədə öz təcrübəsini Azərbaycana gətirə bilər: “Bu gün Avropada demək olar hər şey onlayndır. Azərbaycan da bu istiqamətdə inkişaf etməlidir. Avropa İttifaqı bu sahədə Azərbaycana dəstək verməyə hazırdır. Azərbaycanda bu beynəlxalq nəqliyyat qovşağının üzvü olmalıdır. Bu, böyük maliyyə və böyük gəlirlər deməkdir”.

Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bildirib ki, hazırda beynəlxalq ticarətin tələbləri və normativləri dəyişir: “Bu da Gömrük Komitəsinin beynəlxalq ticarətə yanaşmasını dəyişdirir. Azərbaycanda elektron ticarət dünya bazarına baxanda o qədər yaxşı deyil. Dünyada 100 milyonlarla insan onlayn qaydada ticarət edir, bu sahədə çalışır. Bu gün əfsuslar olsun ki, Azərbaycanda elektron ticarətə sivil yanaşma da o qədər də yaxşı deyil. Bu gün bu sahədə bir çox problemlər yaşanır. Azərbaycanda elektron sifarişlə şəxsi istifadə üçün gətirilən mobil telefonlar və digər məhsullar çox asanlıqla ticarət obyektlərində satışa çıxarıla bilir. Bununla da külli miqdarda vergidən yayınma halları qeydə alınır. Bu səbəbdən də Dövlət Gömrük Komitəsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə layihə həyata keçirir. İnanırıq ki, bütün bu xoşagəlməz halların qarşısı alınacaq”.

Sonra konfrans 4 sessiya ilə öz işini davam etdirib.

Son xəbərlər
Digər xəbərlər