9 C
Baku
Monday, November 18, 2024

Nazir: “Balıq məhsullarının istehsalı tələbatı tam ödəmək üçün yetərli deyil”

Hazırda Azərbaycanda istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və yerli istehsal daxili tələbatı tam ödəmək üçün yetərli deyil.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, bu problem ölkədə akvakulturanın zəif inkişaf etməsindən irəli gəlir: “Ölkədə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilib, daha çox nohurçuluqda çəkikimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib. Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur”.

Nazirin sözlərinə görə, aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyil: “Bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur. Bundan əlavə, şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarımızın məhdud olduğu nəzərə alındıqda, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi yeni innovativ biotexnologiyaların, o cümlədən qapalı su təchizatı sistemlərinin tətbiqi və dəniz akvakulturasının inkişafı daha çox diqqət tələb edir”.

M.Məmmədov əlavə edib ki, daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində ölkədə balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür: “Ölkəmizdə akvakulturanın inkişafı istiqamətində beynəlxalq təcrübələr nəzərə almaqla müasir tələblərə cavab verən sənaye üsulu ilə sağlam və dayanıqlı balıqçılıq təsərrüfatlarının artırılmasını, balıqçılığın idarəetmə strukturunun təkmilləşdirilməsi, akvakultura ilə məşğul olmaq istəyən sahibkarlar üçün prosedurların sadələşdirilməsi vacib hesab edirik. Qeyd olunan məsələlərdə nəaliyyətin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı tərəflərlə birgə qarşılıqlı sıx fəaliyyət göstərməliyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər