4 C
Baku
Saturday, February 24, 2024

Nazir dövlət və özəl xəstəxanalarda həkimlərin maaşlarına fərqli vergi tətbiqinə aydınlıq gətirib

“Tibb Universitetində, dövlət və özəl səhiyyə müəssisələrində gəlir vergisində fərqlər müəyyən qərarla tətbiq edilir. Bununla bağlı 2026-cı ilə qədər Vergi Məcəlləsinə dəyişiklik edilib”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, neft və dövlət müəssisələrində çalışanların maaşları ənənəvi qaydada gəlir vergisinə cəlb edilir: “Ona görə belə fərq yaranıb. Amma dövlət tibb müəssisələrinin həkimlərinin özəl tibb müəssisələrinə üstünlük verməsi təkcə bununla bağlı deyil. Qəbul edilmiş qərarla 2026-cı ilə qədər özəl və qeyri-neft sektoru işçilərinə güzəşt tətbiq edilib. Bunun məqsədi bizim şəffaflığa getməyimizlə bağlıdır. Özəl tibb müəssisələrində çalışanların gəlirlərini şəffaf şəkildə bəyan etməsi üçün biz buna getmişik. Burada digər tərəfdən, icbari tibbi sığorta sahəsində dövlət sektoruna aid xəstəxanalarda kifayət qədər yüksək maaşlar verilir. İcbari tibbi sığorta sahəsinin tətbiqi ilə əlaqədar bu xəstəxanalarda çalışan həkimlərin əməkhaqqında təxminən 3 dəfə qədər artım baş verib. Tibb Universitetinin korpuslarının maliyyələşdirilməsinin dayandırılması məsələsi qaldırıldı. Tibb Universitetinin Tədris Cərrahiyyə və digər korpusu tikiləndən sonra onlar tədricən özlərini maliyyələşdirəcəkdilər. Onlar da icbari tibbi sığortaya daxil olmaqla orada çalışan həkimlərin də maaşları artmış olub. Onlara müraciət edən xəstələrin tibbi xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ala bilərlər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər