“Yeni ildə əsas hədəflərdən biri də Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılmasıdır. Açılmış 5 DOST mərkəzindən 4-ü Bakıdadır, 1-isə Abşeron rayonunda. Bakıdakı DOST mərkəzlərinə paytaxtın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq istənilən Bakı sakini müraciət edə bilər”.
Bu fikirlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.
Nazir qeyd edib ki, iki il ərzində bütün Bakı şəhəri və hətta Abşeron rayonu DOST xidmətləri ilə əhatə edilib. Regionlarda da bu sürətlə DOST xidmətləri şəbəkəsinin qurulması əsas hədəflərdəndir: “Son üç ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəsisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələdə yeni Uşaq Reabilitasiya Mərkəzi açılıb. Gələn il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzi açılacaq. Artıq reabilitasiya infrastrukturu, potensial xeyli güclənib və bu əsasda gələn il reabilitasiya müəssisələrində ambulator və stasionar şəkildə reabilitasiya xidmətləri göstəriləcək şəxslərin sayının 25-30 minə çatdırılması hədəflənir. Halbuki iki il əvvəl bu göstərici maksimum 10 min nəfər idi”.