Nazir İnam Kərimov Samuxda günəbaxan əkən fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov yığım ərəfəsində günəbaxan əkini ilə məşğul olan fermerlərlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən  bildirilib ki, Samux rayonunun Alıuşağı kəndində keçirilən görüşdə məhsul yığımına hazırlıq prosesi, yığılmış məhsulun satışı, günəbaxan toxumçuluğu, sahələrdə bitki mühafizə tədbirləri, suvarma məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Ötən il sahələrdən orta hesabla 22,4 sentner məhsul yığılıb, düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Günəbaxan əkinlərinin əsas hissəsi Gəncə-Qazax iqtisadi rayonun payına düşür. Bu il Samux rayonunda 1791 hektar sahədə günəbaxan əkilib, avqustun ilk günlərindən samuxlu fermerlər məhsul yığımına başlayacaqlar.

Fermerlərin qaldırdığı məsələlər və səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Nazir İnam Kərimov səfər çərçivəsində rayon mərkəzində yerləşən heyvandarlıq müəssisəsinə, Sərkar kəndində salınmış intensiv şaftalı, nektarin, gilas, ərik və gavalı bağlarına, təkrar qarğıdalı əkinlərinə baş çəkib. Təsərrüfatlarda fermerlərlə açıq sahələrdə keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər, təkrar əkinlərin əhəmiyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.