Azərbaycan ilə Macarıstan arasında ticarət həcmində xeyli artım var və bunu yüksəltmək niyyətindəyik.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O deyib ki, iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və digər sahələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişafı edir. Enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlıq da inkişaf etdirilir.
“Macarıstanla bütün istiqamətlər üzrə gözəl münasibətlərimiz mövcuddur. Avropa bazarında Azərbaycan qazının alıcıları arasında Macarıstan da var. Biz Macarıstanla birlikdə “Həmrəylik Halqası” çərçivəsində də əməkdaşlıq edirik”, – deyə nazir vurğulayıb.