“Ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi qarşımızda duran hədəflərdəndir. Artıq növbəti ilin dövlət büdcəsində buna nail olacağıq”.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, bunun ardıcıl olaraq təmin olunması qanunvericilik səviyyəsində həll ediləcək: “Müvafiq normativ hüquqi aktlar da hazırlanacaq. Düşünürük ki, tədricən biz dövriyyədən ehtiyac meyarı anlayışını çıxaracaq və fəaliyyət yaşayış minimumu üzərindən qurulacaq. Minimum pensiya məbləğinin artırılmasına gəlincə, bu həyata keçirilən çoxşaxəli islahat planının tərkib hissəsidir. 2019-cu ildə minimum pensiya məbləği 160 manat idisə, bu gün həmin rəqəm 240 manatdır. Lakin bu məbləğ yeni pensiya alanlar üçündür. Birmənalı olaraq demək istəyirəm ki, minimum pensiya məbləğinin artırılması daimi gündəlikdədir. Hökumət olaraq bu istiqamətdə ətraflı araşdırmalar aparılır, təkliflər hazırlanır”.