6 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: “2026-cı ilədək iqtisadiyyatın hər il 3-4 faiz artımı hədəflənir”

2026-cı ilədək ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı hədəflənir.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Qeyd edilib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması, həmçinin işğaldan azad edilmiş ərazilərimizə “Böyük qayıdış”ın təmin olunması biznes mühitində ciddi dəyişikliklərə səbəb olacaq və azad edilmiş ərazilərin reinteqrasiyası iqtisadiyyata böyük dinamiklik gətirəcək.

“2030 Gündəliyi” üzrə qlobal öhdəliklərə qoşulan vaxtdan indiyədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində ölkəmizdə əhəmiyyətli işlər görülüb və nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə edilib. Görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il BMT-nin İnkişaf üçün həllər təşəbbüsü və Kembric Universiteti tərəfindən dərc olunan “Dayanıqlı İnkişaf – 2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşmış və göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləyib. Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər üç ölkədən ikisini qabaqlayıb və Cənubi Qafqaz regionunda öz lider mövqeyini qoruyub. Belə ki, hesabata əsasən ölkədə 1-ci (Yoxsulluğun azaldılması), 6-cı (Təmiz su və sanitariya), 12-ci (Məsuliyyətli istehsal və istehlak) DİM-ləri üzrə irəliləyişlərin olduğu, o cümlədən 4-cü (Keyfiyyətli təhsil), 11-ci (Dayanıqlı şəhərlər və icmalar), 13-cü (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci (Tərəfdaşlığın gücləndirilməsi) DİM-ləri üzrə isə ötən dövrlərlə müqayisədə nailiyyətlərin müşahidə olunduğu qeyd edilib. Həmçinin COVID-19 pandemiyasının yaratdığı çətinliklər və qlobal və milli məlumat bazalarına dair metodoloji uyğunsuzluqlar səbəbindən 5-ci (Gender Bərabərliyi), 7-ci (Sərfəli və Təmiz Enerji), 10-cu (Bərabərsizliyin azaldılması), 14-cü (Dəniz ekosisteminin mühafizəsi) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) DİM-lərə nail olunmasında durğunluğun olduğu diqqətə çatdırılıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər