3 C
Baku
Saturday, December 14, 2024

Nazir müavini: “Azərbaycan halal sektorun hablarından birinə çevrilməyi hədəfləyir”

Azərbaycan halal sektorun hablarından birinə çevrilməyi hədəfləyir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

Onun sözlərinə görə, Azərbaycan ətraf ölkələrlə birlikdə 400 milyon nəfərlik müsəlman istehlak bazarının qovşağında yerləşir: “Halal konsepsiya bu gün artıq sadəcə qida və xidmət sektoru ilə kifayətlənmir. O eyni zamanda ətraf mühiti, dayanıqlı inkişafın əsas aspektlərini əhatə etməklə yeni bir müstəviyə çıxarır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində belə bir tədbirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Nazir müavini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin ölkənin nəqliyyat qovşağı olaraq əhəmiyyətini daha da artırdığını bildirib: “Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. Uzun illərdir Azərbaycanda qeyri-neft-qaz sektorunun şaxələndirilməsi istiqamətində iş aparılır və prioritetlər də müəyyən olunub. Ancaq bu sahədə görülən işlərin əsasını təşkil edən dayanıqlılığın təmin edilməsi üçün ixracın artmasına ehtiyac var”.

S. Bəşirli bildirib ki, hazırda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən Azərbaycanın nəqliyyat imkanlarının artırılması yönündə fəaliyyət aparılır: “Bura Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Ələt azad iqtisadi zonası və sair layihələr daxildir. Lakin nəqliyyat imkanlarının artması kifayət deyil. Bununla yanaşı ticarət imkanlarının genişləndirilməsi də vacib rol oynayır. Bizim region ölkələri ilə sərbəst ticarət sazişlərimiz var. Bununla yanaşı İƏT-in üzvü olan iki ölkə ilə, yəni Türkiyə və Pakistanla preferensial ticarət sazişləri imzalanıb. Bu sahədə ticarətin liberallaşdırılması bizim əsas prioritetlərimizdən biridir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər