9 C
Baku
Thursday, December 12, 2024

Nazir müavini: “Azərbaycanın iqtisadi qüdrəti bilavasitə sənayenin inkişafı ilə bağlıdır”

“Azərbaycanın iqtisadi qüdrəti bilavasitə sənayenin inkişafı ilə bağlıdır”.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən “Azərbaycanın innovativ sənaye trendləri: Mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi fəaliyyət göstərir: “Azərbaycan beynəlxalq reytinq siyahılarında davamlı olaraq yüksək yerləri tutmaqda davam edir”.

O bildirib ki, Azərbaycan polimer istehsalında böyük təcrübəyə malik olacaq: “SOCAR-Polymer”də elə məhsullar istehsal edilməlidir ki, onlar dünya bazarlarında rəqabətə dözümlü olsunlar. Orada istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib ki, bu gün universitetdə 11 minə yaxın tələbə təhsil alır: “İki il bundan əvvəl bu tələbələrin sayı 7 500 nəfər idi. Universitetdə magistratura və doktoranturada təhsil alanların sayı da artıb. Əvvəlki illərdə universitetdə 384 nəfər magistr təhsil alırdısa, bu gün onların sayı 1100 nəfər olub. Artıq iki ildir ki, 4 ixtisas üzrə tələbələrə ingilis dilində tədris aparılır. Bəzi fənlər isə fransız dilində tədris edirlər və bu fənləri tədris edən müəllimlər Strasburq Universitetinin müəllimləridir”.

M. Babanlı deyib ki, ADNSU da İqtisadiyyat Nazirliyinə “Made in Azerbaijan” brendi altında məhsul istehsal etməyə yardım etməyə hazırdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Aşkarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev isə bildirib ki, əvvəl Azərbaycanda 1,2 mln. ton sürtkü yağı istehsal olunub. O, avtomobil yağlarının keyfiyyəti ilə bağlı nəzarətin artırılmasını təklif edib: “Ancaq indi isə bazarda külli miqdarda kustar üsulla hazırlanmış keyfiyyətsiz yağlar satılır. Heç kim bunlara nəzarət etmir. “Azərenerji”nin modul tipli stansiyalarında “Nutella-40” tipli yağlar istifadə edilir. Biz hələ on il öncə təklif etdik ki, bu yağların tərkibi öyrənilsin və birgə müəssisə yaradılaraq həmin yağlar istehsal edilsin”.

O, avtomobil yağlarının keyfiyyəti ilə bağlı nəzarətin artırılmasını təklif edib

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər