“Azərbaycan sahibkarlarına və onların muzdlu işçilərinə ödənişlər tam şəffaf qaydada həyata keçirilir, hər gün bu barədə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin internet səhifəsində məlumat yerləşdirilir”.
Bunu nazir müavini Sahib Ələkbərov koronavirus pandemiyası ilə bağlı ayrılmış vəsaitin xərclənməsinə nəzarətlə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.
“Maliyyə dəstəyi verilmiş iş adamlarının siyahısı işçilərinin sayından asılı olmayaraq ictimaiyyətə açıqlanır. Hər bir müəssisədə çalışan insanlar dərhal xəbər tuta bilər ki, onların iş yerinə nə qədər dövlət vəsaiti daxil olub. İşçilər özləri bizdən tez gedib tələb edirlər ki, maaşlarımızı verin. Yəni, belə bir mexanizm var. Proseslər tam şəffafdır”, – o bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 4 aprel 2020-ci ildə müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.
Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutulur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür.