Naxçıvana uçuş biletini hər gün tapmaq mümkündür.
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, Naxçıvana bilet məsələsi hər zaman üçün problem olub.
Onun sözlərinə görə, əvvəllər heç vaxt onlayn şəkildə Naxçıvana bilet tapıla bilinməzdi: “Bu gün tələbindən asılı olmayaraq cədvəl üzrə Naxçıvana təyyarə sayı 4-dürsə, bəzən bu rəqəm 14-ə qalxır. Bu, alınan biletlərin sayından asılıdır. Əgər bir təyyarə dolubsa, mütləq qaydada növbəti təyyarə bilet satılır. Elə bir hal ola bilməz ki, bilet tapılmasın. Amma çox təəssüf doğuran haldır ki, insanlar əvvəlki illərin pis təcrübəsinə dayanaraq onlayn bilet satışındansa vasitəçilər axtarmağa çalışırlar. Axtararkən təbii ki, tapırlar. Çünki vasitəçilər də sayta daxil olaraq onlayn bileti əldə ediblər. Naxçıvana uçuş bileti hər gün tapmaq mümkündür, hətta növbəti 10 gün üçün də bilet tapmaq mümkündür. İkincisi, insanlarımız hava limanına gedərək yerində bilet əldə edirlər. Ancaq heç olmasa 1-2 gün qabaqcadan səfəri planlaşdırıb bileti çox rahat şəkildə əldə etməlidirlər. Bəzi hallarda isə görürük ki, biletlər alınıb, amma təyyarədə 20-30 nəfər sərnişin var. Bütün faktorlar müəyyən çətinliklərə yol açır. Amma bu problem daimi bizim diqqətimizdədir. Qətiyyən Naxçıvana biletin tapıla bilinməməsi ilə bağlı problem görmürük” – deyə nazir müavini vurğulayıb.