2 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: “Qazaxıstan yükdaşımaların həcmini artırmaq üçün böyük infrastruktur layihələri həyata keçirir”

“Oktyabrda Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Silk Road Forum” çərçivəsində yaradılmasına qərar verilən “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə yüklərin daşınması üçün logistika xidmətləri göstərəcək”.

Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov Zəngilanda “Beynəlxalq nəqliyyat və logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, bu istiqamət Xəzər dənizi vasitəsilə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə Çin və Türkiyə arasında ən qısa marşrutdur və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm tərkib hissəsidir.

“Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları arasında birgə müəssisənin yaradılması tarif şərtlərini birləşdirməyə və “bir pəncərə” prinsipi ilə xidmətlər göstərməyə, çatdırılma müddətlərini tənzimləməyə, Çindən Avropaya və əks marşrutda multimodal xidmətin inkişafı üçün razılaşdırılmış siyasət aparmağa imkan verəcək. Bu da yekunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcminin artmasına töhfə verəcək”, – o bildirib.

Nazir müavininin sözlərinə görə, Qazaxıstan həmçinin iri infrastruktur layihələri həyata keçirir, əlavə dəmir yolu xətlərinin tikintisi ilə Çinlə əlavə keçid məntəqəsi açır ki, bu da yükdaşımaların həcmini ildə 50 milyon ton artıracaq. “Eyni zamanda, dəmir yolu şəbəkələrinin inkişaf etdirilməsi ilə daşımaların həcmi və sürəti 5 dəfə artacaq, Xəzərdə dəniz limanları inkişaf edir. Xəzərin dayazlaşmasının davam etdiyini nəzərə alaraq, Qazaxıstan burada dərinləşdirmə işləri aparır”.

M.Kaliakparovun sözlərinə görə, ilin sonuna kimi Sinqapurun PSA şirkətinin Qazaxıstan Dəmir Yollarının mütəxəssisləri ilə birgə hazırladığı vahid rəqəmsal platformanın istifadəyə verilməsi planlaşdırılır. “Əminəm ki, o, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkələrinin ümumi rəqəmsal sisteminə inteqrasiya olunacaq”, – o qeyd edib.

Nazir müavininin sözlərinə görə, Çində keçirilən “Bir kəmər – bir yol” forumu çərçivəsində Syanda quru limanın tikintisinə başlanılıb ki, bu da yüklərin Avropa istiqamətində birləşdirilməsinə imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər