Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri Kənan Nəcəfov bu ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Banker.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.
Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bu təyinatadək o həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə isə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.
Xaliyev, həmçinin 2010-2012-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə isə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışmışdır.
Xatırladaq ki, o, 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
Qeyd edək ki, Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.