23 C
Baku
Sunday, July 3, 2022

Nazir: Pandemiyada ölkə əhalisinin 48%-inə sosial dəstək göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans başlayıb.

Banker.az ƏƏSMN-ə istinadən xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və  Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmiləri, diplomatik korpus nümayəndələri, millət vəkilləri iştirak edir.

S.Babayev Nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı verildiyini deyib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləğinin son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatdığını qeyd edib.

Nazir COVID-19 pandemiyası dövründə 4 istiqamət üzrə 12 sahə üzrə icra olunan sosial dəstək paketinin  ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.

S.Babayev DOST-da Nazirliyin 174 xidmətindən 110-nun rəqəmsallaşdırıldığını, 46-sının hazırda proaktiv qaydada həyata keçirildiyini, bu ilin sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, Nazirlik üzrə xidmətlərin 90%-nin e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.

 

Son xəbərlər
Oxşar xəbərlər