Türkiyənin ÜDM həcmi illik müqayisədə 1,5 trilyon dollar həddini ötüb.
Bunu Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşək bu ilin üçüncü rübü üzrə milli iqtisadiyyatın artımına dair statistika göstəricilərini şərh edərkən bildirib.
Maliyyə naziri qeyd edib ki, iyul–sentyabr ayları üzrə iqtisadi artım tempi 3,7 faizdən daha yüksək ola bilərdi, lakin iqlim böhranının nəticələri, yəni məhz quraqlıq və şaxtalar kənd təsərrüfatına ciddi ziyan vuraraq aqrar sektorun artımını sıfra endirib. “Təsadüfi deyil ki, aqrar sahə nəzərə alınmadan Türkiyənin ÜDM artım tempi üçüncü rübdə 5,5 faiz olub”, – deyə nazir bildirib.
Tikinti sektorunda yüksək artım göstəricilərinə toxunan M.Şimşək qeyd edib ki, 2023-cü ilin fevral zəlzələlərindən zərər çəkmiş vilayətlərin bərpası ilə bağlı layihələr podratçı şirkətlər üçün ciddi stimul olub.
O həmçinin vurğulayıb ki, hökumət xüsusilə sənaye sahəsində iqtisadi artım tempinin daha da yüksəldilməsi üçün bütün addımları atır.
“Biz real sektorun dəstəklənməsinə, məşğulluq səviyyəsinin qorunmasına və inflyasiyaya qarşı mübarizəyə hədəflənmişik. Ölkənin iqtisadi proqramının bütün hədəflərinə çatmaqda qərarlıyıq”, – deyə nazir bildirib və ölkə iqtisadiyyatının modernləşdirilməsi üzrə struktur islahatlarının həyata keçirildiyini xatırladıb.







