9 C
Baku
Sunday, November 17, 2024

Nazirdən sahibkarlara ŞAD XƏBƏR: “Vergilər sadələşdiriləcək”

Növbəti ildən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq.Modern.az saytının məlumatına görə, maliyyə naziri  Samir Şərifov bu gün parlamentin bir neçə komitəsində təşkil olunan 2016-cı ilin dövlət büdcə layihəsinin birgə müzakirəsində sözügedən məsələdən danışıb.

Onun sözlərinə görə, artıq hökumət də bu istiqamətdə ciddi işlər aparır və növbəti ildən tibbi sığorta sistemi tətbiq edilməyə başlanacaq.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı məlumat verən nazir bildirib ki, icbari sığorta zamanı dövlət xəstənin müəyyən xərclərini öz üzərinə götürəcək.

“Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər”.

Nazir əlavə edib ki, bu gün ölkədə mürəkkəb cərrahiyyə əməliyyatlar həyata keçirilir ki, onları etdirmək hər adamın imkanı daxilində deyil.

“Ona görə də bu əməliyyatların həyata keçirilməsi üçün dövlət tərəfindən müəyyən vəsait ödənilir. Bu əməliyyatlar üçün tibbi sığortalar həyata keçiriləcək. Vəsaitin müəyyən qismi sığorta ilə, digər qismi isə xəstə tərəfindən ödəniləcək”.

Samir Şərifov səhmdar cəmiyyətlərinə dövlətin dotasiya verməsinə və onların özəlləşməsi məsələsinə də baxılacağını deyib:

“Çünki elə səhmdar cəmiyyət var ki, onlara dotasiya ayrılsa da, fəaliyyətlərində ciddi dönüş yoxdur. Bu məsələ araşdırılır. Ona görə bununla bağlı burada qaldırılan məsələlərə baxmaq olar. Bu, istisna deyil. Amma onu da nəzərə almaq lazımdır ki, bəzi sahələri əhatə edən səhmdar cəmiyyətlərə maliyyə sərbəstliyi vermək olmaz. Məsələn, enerji, su satışı ilə məşğul olan qurumlarda qiymət Tarif Şurası tərəfindən tənzimlənir. Çünki hökumət əhalinin sosial vəziyyətini nəzərə alaraq müəyyən sahələrdə nəzarəti həyata keçirdiyi üçün onlara dotasiya ayırmalıdır”.

Maliyyə naziri deputat Asim Mollazadənin xırda və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı qaldırdığı məsələyə də aydınlıq gətirib:

“Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün vergilərin sadələşdirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanda vergi güzəştləri ancaq iri şirkətlərə və layihələrin icrası zamanı tətbiq edilir. Xırda və orta sahibkarlığın, xüsusən də xidmət, ictimai iaşə, turizm və digər sahələrin inkişafı üçün vergilərin sadələşdirilməsi nəzərdə tutulur.
Bununla bağlı artıq vergi qanunvericilik təşəbbüsü də var və bu məsələ parlamentdə müzakirə olunaraq qəbul ediləcək”.

Samir Şərifov qeyd edib ki, dövlət səhiyyə ocaqlarının özəlləşdirilməsi məsələsinə baxmaq olar:

“İndiki məqamda bu, tezdir və nə qədər səmərəli olar, onu demək bir az çətindir”.

O, bələdiyyə xəstəxanalarının tikilməsi ilə bağlı səslənən fikirlərə də mövqeyini açıqlayıb:

“Heç kim bələdiyyə xəstəxanasının tikintisi ilə bağlı bələdiyyəyə qadağa qoymur. Əgər bələdiyyənin imkanı və belə bir xəstəxanaya ehtiyac varsa tiksin.”

Dövlət universitetlərinin özəlləşdirilməsi ilə bağlı qaldırılan təklifə gəldikdə, nazir bildirib ki, indiki məqamda buna ehtiyac duyulmur:

“Çünki son illərdə təhsil sahəsində aparılan islahatlar nəticəsində dövlət universitetlərinin maliyyələşməsi demək olar ki, minimuma enib. Dövlət ancaq yüksək bal toplayan şəxsləri və onun maddi-texniki bazasının möhkəmlənməsini maliyyələşdirir. Bu da elə də böyük vəsait etmir”.

Nazir əlavə edib ki, hökumət bu gün özəl və dövlət ali təhsil ocağında təhsilin maliyyələşməsinə heç bir fərq qoymur.

Son xəbərlər
Digər xəbərlər