26 C
Baku
Saturday, July 27, 2024

“Nazirin açıqlaması ölkənin rəsmi ərzaq balansı məlumatlarına əsaslanır”

“Kənd təsərrüfatı naziri cənab İnam Kərimovun bəzi ərzaq məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsinə dair verdiyi açıqlamaya vətəndaş cəmiyyəti təmsilçisi olan iqtisadçı həmkarlarımız tərəfindən “şübhəçi” şərhlər verilib.”

Bu barədə qısa bir təhlil apararaq bu şərhlərlə bağlı Kənd təsərrüfatı iqtisadiyyatı üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadə, fikirlərini bildirib.

“Kənd təsərrüfatı iqtisadiyyatı üzrə tədqiqatçı kimi bir sıra məsələləri bildirməyi zəruri hesab edirəm. Birinci ondan başlayaq ki, “ət və südlə təminat 90%-ə çatıb” açıqlaması hörmətli Rövşən Ağayevə görə “real görsənmir”. Ancaq həmkarımız bu məqamı nəzərə almır ki, əvvəla, Nazirin açıqlaması ölkənin rəsmi ərzaq balansı məlumatlarına əsaslanır, həm də Nazir hökumətin üzvü olaraq siyasi şəxsdir, onun rəqəmləri “91,7 %” və ya “87,9 %” kimi təfərrüatlı şəkildə ifadə eləməsi vacib deyil (bu mütəxəssislərin işidir). Vacib olan budur ki, biz müstəqilliyimizi yenicə əldə edən vaxtlarda ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 30-35 % idi, indi isə 90%-ə çatıb ki, bu da ərzaq balansı məlumatlarına əsasən belədir və Nazirin də siyasi şəxs olaraq açıqlamasının mahiyyəti (məqsədi) ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı hazırkı vəziyyəti qısa şəkildə xarakterizə etməkdir. Yəni burda “real görsənməyən” nəsə yoxdur. İkincisi, hörmətli Rövşən Ağayev bildirir ki, “diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakı nəzərə alınmır”. Bəli, idxal olunan kəsim təyinatlı diri heyvanlar da ət istehlakının ödənilməsində iştirak edir, ancaq nəzərə almalıyıq ki, bu, məhz yerli sahibkarlar tərəfindən formalaşdırılmış bir industriyadır, ölkənin stabil ərzaq təminatının daha bir vasitəsidir. Yəni kənd təsərrüfatı biznesində iştirak edən yerli sahibkarlar azçəkili, azyaşlı diri heyvanları əsasən Gürcüstan və Ukraynadan idxal edərək yaxşı təşkil olunmuş kökəltmə fəaliyyəti hesabına bazara yetkin çəkidə mal təklif edirlər, başqa sözlə, bu işdə yerli sahibkarlar tərəfindən kifayət qədər əlavə dəyər yaradılır” – deyə, o bildirir.

 Ərzaq təhlükəsizliyi üçün önəmli olan nədir – mütləq olaraq tövlədə mal saxlamaq və ya örüşdə otarmaq, yoxsa dayanıqlı mexanizm yaratmaq?

Fikrətzadə bildirir ki, buna görə də yerli sahibkarlar tərəfindən formalaşdırılmış kökəltmə industriyası hesabına daxili bazara təklif edilən ət ərzaq balansında yerli təklif kimi uçota alınır: “Üçüncüsü, hörmətli Natiq Cəfərli 2018-ci ildə 2017-ci ilə nəzərən ət və süd idxalının artmasına görə “ət və südlə təminat 90%-ə çatıb” açıqlamasını “doğru olmayan fikir səsləndirmək” kimi şərh edir. Hesab edirəm ki, bu şərh bir neçə səbəbə görə yanlışdır. Əvvəla, ona görə ki, cari bazar konyukturasının təsiri ilə hər hansı bir ərzaq məhsulunun idxalındakı cari artım və ya azalma həmin ərzaq məhsulu ilə özünütəminetmə səviyyəsinin mövcud göstəricisini (balans göstəricisini) avtomatik olaraq dəyişdirmir. Düzdür, dəyişdirə bilər, ancaq bu, avtomatik baş verir kimi bir qanunauyğunluq yoxdur, çünki yerli istehsalın da həcmi artır (və ya azalır), sonda ərzaq balansı eyni səviyyədə qalır. Yeri gəlmişkən, 2018-ci ildə ölkədə ət istehsalında 3%-lik artım olub ki, bu da dediyimizə bir əsasdır. Digər tərəfdən isə, aqrar siyasətlə bağlı qərarlar qısamüddətli bazar dəyişikliklərinə əsaslanmır, ən azı orta müddətli dövr üzrə trendlər nəzərə alınır. Bu baxımdan, hörmətli Rövşən Ağayevin də istinad etdiyi Comtrade beynəlxalq ticarət məlumatları bazasına əsasən bəllidir ki, son illər ərzində Azərbaycana hər il orta hesabla 40-50 min ton ət, 8-10 min süd idxal olunub. Sadəcə, məlum olduğu kimi, idxal uçotunda şəffaflığın qurulması hesabına bu göstəricilər 2016-cı ildən etibarən daha aydın şəkildə müşahidə olunur. Yəni “ölkəyə ət və süd idxalında artım var” kimi bir trend mövcud deyil, sadəcə, cari bazar konyukturasında qısamüddətli dəyişiklik var. İdxalla bağlı danışarkən iki haşiyə çıxmağa da ehtiyac var. Əvvəla, dünyanın elə bir ölkəsi yoxdur ki, əsas ət və süd ixracatçısı olan ölkələr də daxil olmaqla, ət və süd idxal etməsin. Məsələn, dünyanın əsas ət ixracatçısı olan ölkələrin ət idxal-ixracına baxaq: ABŞ – ixrac 15 milyard dollar, idxal 5 milyard dollar; Almaniya – ixrac 10 milyard dollar, idxal 8 milyard dollar; Hollandiya – ixrac 9,7 milyard dollar, idxal 4,6 milyard dollar; Fransa – ixrac 4,9 milyard dollar, idxal 5,8 milyard dollar; İngiltərə – ixrac 2,4 milyard dollar, idxal 6 milyard dollar; İtaliya – ixrac 2,5 milyard dollar, idxal 6,4 milyard dollar. Bu siyahını çox uzatmaq olar, o cümlədən də süd idxal-ixracı üzrə. Yəni “biz müəyyən həcmdə ət və süd idxal edirik və buna görə özünütəminetmə səviyyəsi məqbul deyil” fikri yanlışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycana idxal olunan ətin istehlak təyinatında emal və turizm sənayesinin tələbatı mütləq üstünlüyə malikdir. Bu təbiidir və yəqin ki, bu trend belə də davam edəcək. Niyə? Ona görə ki, Azərbaycan bazarında əhalinin spesifik ət istehlakı ənənəsi var, insanların ət istehlakı qərarları “Bərdə danası”, “Beyləqan quzusu” kimi sterotiplərə əsaslanır.”

Son xəbərlər
Digər xəbərlər