Nazirlər Kabineti ipoteka kreditləri ilə bağlı mühüm dəyişiklik etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Banker.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

NK açıqlayır ki, sözügedən layihə işçilərin formal məşğulluğa marağının artırılması məqsədilə ipoteka kreditlərinin verilməsində muzdlu işlə əlaqədar əldə edilən, yəni əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər də daxil olmaqla, bütün gəlirlərin stimullaşdırıcı amil kimi nəzərə alınması imkanlarının genişləndirilməsi məqsədilə hazırlanmışdır.

Layihədə muzdlu işlə əlaqədar əldə edilən gəlirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminin məlumatları əsasında müəyyən edilməsi qeyd edilmişdir ki, bu da öz növbəsində ipoteka krediti üçün müraciət etmiş şəxslərin rəsmi gəlirlərinin tam məbləğinin müəyyən edilməsinə şərait yaradacaqdır.

Belə ki, muzdlu (muzdla işləyənlər (muzdlu işçilər) – müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi bağlamış bütün işçilərdir) əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları məcburi dövlət sosial sığortaya cəlb olunan gəlir növləri hesab edildiyindən Nazirliyin “Sığorta” altsistemində əks olunur. Məhz bu səbəbdən “Sığorta” altsistemdən istifadə real gəlirlərin müəyyən olunmasına, eyni zamanda gəlirlərin tam məbləğinin bəyan edilməsinə şərait yaratmaqla formal məşğulluğa keçidi təmin etməkdə stimullaşdırıcı amil rolunu oynayacaqdır.


Qərarda bu deyilir,

1. Aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. Bu Qaydanın 4.3.1-ci yarımbəndində göstərilən muzdlu işdən əldə edilən gəlirlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən edilir.”.

2. 4.3.1-ci yarımbənddə “əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar)” sözləri “əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilmiş əmək funksiyasının yerinə yetirilməsinə görə işəgötürən tərəfindən əməyin ödənilməsi sistemləri üzrə işçiyə ödənilən tarif (vəzifə) maaşı, ona edilən əlavələr, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər” sözləri ilə əvəz edilsin.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.