8 C
Baku
Friday, December 13, 2024

Nazirlər Kabinetindən auditorlara müraciət

Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan məcburi audit subyektləri, habelə onların tabe olduğu yuxarı təşkilat və ya təsisçilərə müraciət edib.

Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci və 100.3-cü maddəsinə, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq açıq və qapalı səhmdar cəmiyyətlərdən, ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından internet səhifəsi olduqda, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Bu Qaydaların 3.2-ci bəndinə əsasən kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir.

Qaydaların 3.3-cü bəndinə uyğun olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir.

Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir.

Son xəbərlər
Digər xəbərlər