Baş Nazir Əli Əsədov “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.
Bundan başqa, razılaşdırma prosesinin iştirakçılarına (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatana qədər Nazirlər Kabinetinə təqdim etmək, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlərə “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etmək tapşırılıb.
Sərəncamda həmçinin deyilir ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat versin.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.