Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar verib.
Qərarda qeyd olunur ki, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə Nazirlər Kabineti müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilməsini müəyyən edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov Trend-ə bildirib ki, faktiki olaraq bütün ölkələr öz daxili bazarlarının müdafiəsi ilə bağlı proteksionist tədbirlər görür.
“Ona görə hesab edirəm ki, Nazirlər Kabinetinin məhsul və kapitalın hərəkətinin məhdudlaşdırılması barədə qərarı uyğun qərardır. İlk növbədə, problemlər şəraitində daxili bazarların müdafiəsi və dəstəklənməsi barədə düşünmək lazımdır və biz görürük ki, analoji qərarlar digər ölkələrdə də qəbul edilir. Fikrimcə, daxili ərzaq təhlükəsizliyi, sakitlik, sabitlik və dayanıqlılığın təmin olunması üçün səmərəli idxal əvəzləmə siyasətini həyata keçirmək lazımdır. Eyni zamanda, bu siyasət daxili istehsala investisiyaları artırmaq və daxili istehsal hesabına yerli istehlak bazarını təmin etmək üçün məhsul və kapital ixracı üzrə müvafiq məhdudiyyət tədbirləri ilə tamamlanmalıdır”, – deyə o bildirib.
İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə də vurğulayıb ki, məhdudlaşıdırıcı tədbirləri təkcə Azərbaycan deyil, həm də bir sıra digər ölkələr tətbiq edir.
“Dünya iqtisadiyyatında təkcə koronavirus pandemiyası ilə deyil, həm də Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar yaranan böhran şəraitində Nazirlər Kabinetinin bu addımları haqlıdır. Bu gün müxtəlif ölkələr tərəfindən qida məhsulları, ilkin tələbat və əsas ərzaq məhsullarının təchiz olunması baxımından mühüm risklər mövcuddur. Azərbaycan, ilk növbədə, öz əhalisinin maraqlarını düşünməyə çalışır. Digər tərəfdən, biz dövlətimiz tərəfindən müxtəlif ölkələrin bazarlarından ərzaq məhsullarının kütləvi satın alınmasını müşahidə edirik. Xatırladım ki, hələ yanvarda ölkəmiz taxıl satın alınmasını bir neçə dəfə artırıb, ona görə də yerli bazarda ajiotaj üçün səbəb yoxdur, belə ki, ərzaq tədarükü zənciri ilə bağlı problem müşahidə olunmur və bu istiqamətdə addımlar çoxdan atılır”, – ekspert deyib.
O xatırladıb ki, daxili bazarın ərzaq məhsulları ilə maksimum təmin olunması üçün bu cür addımlar Azərbaycanda hələ ötən il atılıb.
Qeyd etmək lazımdır ki, son zamanlarda daxili istehsala mühüm diqqət verilir. Bunun üçün səmərəli tədbirlər görülür, xüsusən, ötən aylarda Azərbaycan kifayət qədər damazlıq mal-qara alıb, ərzaq buğdası ehtiyatları kifayət qədər yaxşı səviyyədədir və toxum fondu kifayət qədər təmin olunub. Həmçinin yeni kənd təsərrüfatı torpaqları dövriyyəyə buraxılır, xüsusilə də, azad edilmiş ərazilərdə suvarma kanallarının tikintisi və modernləşdirilməsi üzrə proseslər fəal şəkildə reallaşdırılır. Azad edilmiş ərazilərdə şirin su ehtiyatı ümumi həcmin 25 faizini təşkil edir və bu ehtiyatların kənd təsərrüfatı sistemlərinə yönləndirilməsi Qarabağ iqtisadi regionunda yetişdirilən bitkilərin məhsuldarlığını artırmağa imkan verəcək”, – İ.Vəlizadə deyib.
İqtisadçı Əhliman Abbasovun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar daxili bazarda qıtlığın və ya qiymət artımının qarşısınn alınmasına yönəlib.
“Qeyd edim ki, Azərbaycanın vacib ticarət tərəfdaşlarından biri Ukraynadır. Pandemiyaya qədər Azərbaycan bu ölkədən 450 milyon dollardan çox məhsul idxal edirdi. İdxalın təxminən 17 faizini ət və süd məhsulları təşkil edirdi. Bu idxalın reallaşdırılmasının çətinliyi, əlbəttə, Azərbaycan bazarında qiymətlərə təsir edə bilər. Bu baxımdan, Nazirlər Kabinetinin qərarını yerli bazarda qiymət artımı prosesini dayandırmaq və qıtlığın qarşısını almaq cəhdi kimi qiymətləndirmək olar”, – Ə.Abbasov deyib.
Qeyd edək ki, Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.