9 C
Baku
Monday, December 23, 2024

Nazirlik: Kafe, restoran və klublar üzrə 8%-lik vergi qalacaq

Vergi Məcəlləsində dəyişikliklərin istiqamətlərindən biri sadələşdirilmiş vergini əhatə edir. Bu vergi növü üzrə ödəyicilərin dairəsinin konkretləşdirilməsi və dürüstləşdirilməsi, bəzi məhdudlaşdırılmaların tətbiqi və həmin verginin dərəcəsinin 2 faizə endirilməsi nəzərdə tutulur. Vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 4 faizdən 2 faizə endirilib.

 

Sadələşdirilmiş vergi (Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanacaq (indiyədək Bakı istisna olunmaqla şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında bu verginin 2 faizlik dərəcəsi tətbiq olunurdu).

Banker.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bu barədə bildirib.

Dəyişikliyi zəruri edən əsas amillər

Musayeva bildirir ki, sadələşdirilmiş vergi dərəcələrinin ölkə üzrə eyniləşdirilməsi, yəni Bakı şəhəri və regionlar üzrə 2 faizlik əmsalın tətbiqi güzəştlərin səmərəliliyinin təmin edilməsi ilə bağlıdır. Təhlillər göstərir ki, bəzi sahibkarlar sadələşdirilmiş vergi növündən sui-istifadə edərək vergidən yayınmaq üçün müxtəlif qanunazidd əməliyyatlar aparırlar. Bir sıra hallarda dövriyyələri 200 min manatdan artıq olan vergi ödəyiciləri bu güzəştlərdən öz məqsədləri üçün istifadə edərək dövriyyələrini azalt­maq üçün  bizneslərini bir neçə yerə «parçalayır», bu vasitə ilə vergidən yayınırlar.

S. Musayeva bildirib ki, adətən, sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (işə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqları üçün gəlirlərinin və xərclərinin uçotunu aparmır, əməliyyatları lazımi qaydada sənədləşdirmirlər. Bu isə ölkədə həyata keçirilən vergi islahatlarının məqsədlərinə, şəffaflaşma siyasətinə ziddir. Bu cür hallar, əslində, həqiqi sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarların rəqabətdə qarşısına sədd çəkir, onların rəqabət aparmaq imkanlarını məhdudlaşdırır. Faktiki olaraq kiçik sahibkar olmayan iri və orta biznes təmsilçiləri bu kateqoriyanın güzəştlərindən sui-istifadə edirlər. Əksər hallarda, Bakıda yaşayan və fəaliyyət göstərən sahibkarlar vergi ödəyicisi kimi regionda qeydiyyatdan keçir və 2 faizlik sadələşdirilmiş vergi ödəyirlər. Bu isə vergitutma baxımından ədalətliliyi pozur.

Sadələşdirilmiş vergi sisteminin tətbiqində məqsəd kiçik müəssisələrin və fərdi sahibkarların fəaliyyətini stimullaşdırmaq, onlara daha səmərəli vergi rejimi ilə işləməyə şərait yaratmaqdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər əsasən, sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Bərabər və ədalətli vergitutma prinsiplərini tətbiq etmək məqsədilə sadələşdirilmiş vergi ödəyicisi ola biləcək şəxslərin təsnifatı konkretləşdirilib, fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib.

Kimlər sadələşdirilmiş vergi ödəyicisi olmayacaq?

2019-cu il yanvarın 1-dən sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsi məhdudlaşdırılacaq. İşçilərinin sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

İllik dövriyyəsi 200 min manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olanların 6 faizlik sadələşdirilmiş verginin tətbiqi məhdudlaşdırılır və onlar  ƏDV və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Kafe, restoran və klubların da daxil olduğu ictimai iaşə fəaliyyəti üzrə 8 faizlik sadələşdirilmiş vergi dərəcəsi qalacaq.

Dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər sabit vergi ödəyicisi olacaqlar.

S.Musayeva bildirib ki, indiyədək sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin yeni ildən digər tədiyyə növü üzrə vergiyə cəlb edilməsi, gəlir vergisinin ödəyicisi olması onların ödənişlərinin artması demək deyil: “Gəlir vergisinin dərəcəsinin 20  faiz müəyyənləşdirilməsinin sadələşdirilmiş verginin əvvəlki 4 faizlə müqayisə edilməsi düzgün deyildir. Çünki sadələşdirilmiş vergi ümumi dövriyyədən tutulur. Fiziki şəxslərin gəlir,  hüquqi şəxslərin isə mənfəət vergisi gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan vəsaitdir. Hazırkı şərtə əsasən, mənfəət dərəcəsini götürsək, aylıq 10 min manat dövriyyəsi olan şəxslər hazırda 4 faizlə 400 manat vergi ödəyirlər. Gələn il isə onlar şərti olaraq, 20 faiz  rentabelli işlədikləri halda, mənfəət və gəlir vergisinə nəzərdə tutulan güzəştlər hesaba alınmaqla, ayda cəmi 83 manat vergi ödəyəcəklər”.

İqtisadçı-ekspertlərin fikrincə, bəzi sahələrin, xüsusilə topdansatış ticarətin sadələşdirilmiş vergi ödəyiciləri siyahısından çıxarılması birmənalı şəkildə müsbət qiymətləndirilməlidir. Çünki topdansatış ticarətdə dövriyyənin və vergidən yayınmanın yüksək olması haqda çoxlu faktlar var, onların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ dayandırılmalı idi.

Son xəbərlər
Digər xəbərlər