15 C
Baku
Friday, November 8, 2024

Nazirlik: Mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

Mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli Qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun yeni məbləğləri formalaşdırılıb. Yeni tariflər rəsmi qaydada ölkəyə idxal edilən topdansatışı reallaşdırılan cihazlara şamil olunmur. Bu qərarla mobil cihazların qeydiyyatı reqlamenti təkmilləşdirilib. Belə ki, daha əvvəl vətəndaş iki SİM-kartlı cihazlar üçün hər IMEI koda görə ödəniş edirdisə, bundan sonra iki IMEI kod qeydiyyata alınsa da, birinə görə ödəniş olunacaq.

Bundan başqa, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilməlidir. Mobil cihazların bazar qiymətlərinə uyğun qeydiyyat rüsumunu müəyyən etmək üçün nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən informasiya sistemi hazırlanaraq www.imei.az saytına inteqrasiya olunub. Eyni zamanda, Nazirlər Kabinetinin qərarının müvafiq bəndinə əsasən, zəruri məlumatlar NRYTN-in rəsmi internet saytında da yerləşdirilib.

www.imei.az saytında bu keçiddən – http://www.imei.az/phones istifadə etməklə, mobil cihazların istehsalçı şirkətini seçərək, model üzrə axtarış etməklə cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini öyrənmək mümkündür.

2013-cü ildən ölkəmizdə mobil cihazların qeydiyyatı aparılır. Qeydiyyat zamanı mobil cihazın Beynəlxalq GSM Assosiasiyasının standartlarına uyğunluğu yoxlanılır. Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) Beynəlxalq GSM Assosiasiyası tərəfindən təsdiq olunmayan cihazların istehlakına icazə vermir. Bu standartlar texniki göstəricilərlə yanaşı, insan orqanizmi üçün zərərli şüa yayan, keyfiyyətsiz mobil cihazların satışının qarşısını alır.

Ölkəmizdə hər bir mobil cihazın IMEI nömrəsi şəbəkədən xidmət almağa başladığı tarixdən ən gec 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM-kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilər. Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır.

Vətəndaş aldığı mobil cihazı www.imei.az və https://smartpay.az/ səhifələrinə daxil olaraq onlayn qeydiyyatdan keçirə bilər. Həmçinin qeydiyyat üçün “Şəbəkə” Xidmət Mərkəzlərinə və poçt filiallarına da müraciət etmək olar.

Son xəbərlər
Digər xəbərlər