“Tələbələrin köçürülməsi çox mərhələli və uzun vaxt tələb edən prosesdir. Belə ki, adətən tələbələrə bir ai təhsil müəssisəsindən digərinə köçürülməsinə müraciət üçün vaxt verilir”.
Bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib.
O qeyd edib ki, müraciətlər toplandıqdan sonra (burada söhbət minlərlə müraciətdən gedir) onlar emal olunur. Müvafiq qanunvericiliyə uyğun olaraq köçürülmə şərtlərini ödəyən tələbələr barədə həm onların çıxmaq istədikləri universitetlərə, həm də köçürülmək istədikləri universitetlərə müvafiq məktublar göndərilir və köçürülmə prosesinin universitetlər tərəfindən həyata keçirilməsi üçün müvafiq vaxt verilir: “Həmçinin, köçürülmə barədə tələbənin özünə də SMS vasitəsilə məlumat göndərilir. Məlum olduğu kimi, bir ixtisasdan digərinə köçürülən tələbələrin tədris proqramlarından fərqlər olduğu və bu, çoxlu fərq imtahanlarına səbəb olduğu üçün tələbələr köçürülməkdən imtina da edə bilirlər. Bu zaman tələbə imtina barədə qərarını həm təhsil aldığı, həm də köçürülmək istədiyi universitetə təkrarən bildirir. Əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir”.
N. Məmmədli qeyd edib ki, köçürülmə prosesinin gec başa çatması təqaüd alacaq tələbələrin müəyyən olunmasını da çətinləşdirir: “Belə ki, köçürülən tələbənin də köçürüldüyü ali təhsil müəssisəsində təqaüd ala biləcək tələbələrin siyahısına düşmək imkanı var. Hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrindən tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı, həmçinin təqaüd alacaq tələbələrin müəyyən olunmasında gecikmələrin daha çox artacağını proqnozlaşdırır. Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək. Bir daha qeyd etmək istəyirik ki, tələbələrin bərpası prosesi əvvəlki qaydada davam edəcək”.