3 C
Baku
Monday, February 10, 2025

Nazirlik rəsmisi: “Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir”

Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır. 

Banker.az xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov son günlər bəzi kütləvi informasiya vasitələrində heyvanların aşağı çəkidə kəsimi, ət istehlakının artımı ilə bağlı ekspertlərin açıqlamasına münasibət bildirərkən deyib.

O, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadın əsassız olduğunu açıqlayıb: “Heyvanların aşağı çəkidə və erkən yaşlarda kəsimi ilə bağlı bəzi ekspertlərin yanaşmaları əsassızdır və Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi bu məsələdə tam fərqlidir. Mövqeyimiz ondan ibarətdir ki, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsi heyvandarlığın inkişafına mənfi təsir göstərən amillərdən biri olsa da, bu sahədəki problemlərin yalnız bir aspektini təşkil edir. Çünki hesab edirik ki, heyvanların aşağı çəkidə kəsilməsi hallarının azaldılması ölkədə xırda və iribuynuzlu heyvanlardan əldə ediləcək ət istehsalının və ət məhsulları ilə özünütəminatın artmasına müsbət təsir göstərə bilər ki, bununla da idxaldan asılılıq azala bilər. Bununla yanaşı, aparılmış hesablamalar göstərir ki, heyvanları aşağı çəkidə kəsimə vermək həm də fermerlərin gəlirlərini azaldır. İri və ya xırdabuynuzlu heyvanların aşağı çəkidə yox, təsərrüfat yetişkənliyi dövründə kəsilməsi heyvandarlıqla məşğul olan fermerlərə daha çox qazanc gətirməklə yanaşı ümumi ət istehsalının da artmasına müsbət təsir göstərərdi. Bu yanaşma bütün dünyada mövcuddur”. 

Şöbə müdirinin sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisində azalma müşahidə edilməkdədir: “Rəsmi statistik məlumatlara görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kq-a bərabər olub ki, bu göstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun və keçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton civarında itki deməkdir. Bu baxımdan hesab edirik ki, heyvanların kəsim çəkisinin yüksəldilməsi, ölkə üzrə ət məhsulları təminat məsələsinə də müsbət təsir göstərə bilər”.

Son xəbərlər
Digər xəbərlər