Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə təsdiqlənib.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Əsasnamə dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyir.
Qərarla rektor bu əsasnaməyə və ali təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq müəssisəyə cari rəhbərliyi həyata keçirir.
Rektor öz fəaliyyətini aşkarlıq, şəffaflıq, demokratiklik, ədalətlilik, qərəzsizlik, vicdanlılıq, peşəkarlıq və sadiqlik prinsipləri əsasında qurur.
Rektor qəbul etdiyi qərarların müvafiq normativ-hüquqi aktlara uyğun olmasına görə məsuliyyət daşıyır.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Prezidenti (5 il müddətinə), bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu isə bələdiyyə vəzifəyə təyin və vəzifədən azad edir.
Rektor olmadıqda, müəssisənin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir.