12 C
Baku
Thursday, March 28, 2024

Nazirlik sığortaedənlərə müraciət etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığortaedənlərə müraciət edib.

Nazirlikdən Banker.az-a verilən xəbərə görə, cari ilin yanvarın 1-dən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilib.

Müraciətdə bildirilib ki, məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” qanunun 13-cü maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.

“Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.

Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə Fondda qeydiyyata alınmış hesab olunurlar.

Sığortaedənlər tərəfindən hesablanıb Fonda ödənilən işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır. İşsizlikdən sığorta haqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən tərəfindən ödənilir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azad olma müəyyən edilməyib. Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.

Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı (əlavə edilir) həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-sindən sonra gələn birinci iş gününə qədər artırılır.

Müraciətdə bildirilib ki, işçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər