Bakıda daha bir obyekt tələblərə əməl etmədiyinə görə bağlanıb.
Banker.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5-ci döngə, ev 6 ünvanında yerləşən “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrin istehsalı obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyekt yanğın su hovuzu, daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
– obyektin təxliyə yolları normaya uyğun deyil;
– elektrik təsərrüfatına profilaktik baxış keçirilərək nəticəsi barədə sınaq aktı tərtib edilməyib;
– obyektin anbar otaqları yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun saxlanılmayıb;
– fərdi yaşayış evi kimi inşa edilmiş, lakin hazırda qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektin təyinatının dəyişdirilməsi və yenidən qurulması zamanı tikinti-layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
– obyekt ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin edilməyib;
– taxta konstruksiyalı elementlər və parçalar odadavamlı məhlulla hopdurulmayıb;
– obyektin işçilərinin təlimatlandırılması üçün təlimat jurnalı tərtib edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5-ci döngə, ev 6 ünvanında yerləşən “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrinin istehsalı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.