Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərini bir sistem üzərindən əldə etmək məqsədilə yaradılan Vahid Elektron Xidmətlər Portalına daha iki yeni xidmət əlavə edilib.
Banker.az nazirliyə istinadən xəbər verir ki, yeni inteqrasiya edilənlər “AzInTelecom” MMC-nin “Telefon nömrəsi üzrə axtarış” və “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumat” xidmətləridir.
“Telefon nömrəsi üzrə axtarış” xidmətindən istifadə edən şəxslər sistemə daxil etdikləri telefon nömrəsinin sahibinə aid olan məlumatlarla tanış ola bilərlər.
“Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumat” xidməti isə mobil nömrənin nömrə daşınması xidmətindən istifadə edib-etmədiyini öyrənmək imkanı verir.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlərdən isə hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək olar.