Maliyyə Nazirliyinin Kollegiyası “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formaları və onların təqdim edilmə Qaydası”nı təsdiq edib.
Banker.az-ın məlumatına görə, yeni Qaydalar dekabrın 13-ən qüvvəyə minib.
Bu Qayda büdcə təşkilatlarına və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlara şamil edilir. Dövlət büdcəsindən vəsait ayrılan baş kredit sərəncamçıları tərəfindən ayrılmış vəsaitlərdən istifadə barədə hesabatlar Maliyyə Nazirliyinə, habelə Hesablama Palatasına, Naxçıvan Muxtar Respublikasının büdcəsindən vəsait ayrılan baş kredit sərəncamçıları və baş kredit sərəncamçılarının Naxçıvan Muxtar Respublikası üzrə qurumları tərəfindən ayrılmış vəsaitlərdən istifadə barədə hesabatlar Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, habelə Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə qurumuna kağız və (və ya) elektron daşıyıcılarda təqdim edilir.
Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün hesabatların tərkibi aşağıdakılardan ibarətdir (Aylıq, rüblük və ilin əvvəlindən artan yekunla):
– Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün büdcə vəsaitlərindən istifadə barədə hesabat;
– Büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərindən istifadə barədə hesabat;
Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün büdcə vəsaitlərindən istifadə üzrə debitor və kreditor borclar barədə hesabat.
Aylıq və rüblük hesabatlar hesabat dövründən sonrakı ayın 20-dək, illik hesabatlar növbəti ilin mart ayının 1-dək təqdim edilir.