10 C
Baku
Thursday, December 12, 2024

Nazir:“Quraqlıq zamanı zərər çəkmiş borclu müəssisələrin borcu silinəcək”.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
O bildirib ki, ötən il ciddi quraqlıq olub və 4 rayon bundan zərər görüb. Nazir Qobustan rayonunda demək olar ki, taxıl məhsulları olmadığını söyləyib:

“Kombaynlar heç sahələrə belə çıxmadı. Şamaxı, Şəki də əhali quraqlıq səbəbi ilə zərər gördü. Qəbələdə bəzi sahələri isə dolu vurdu və beləliklə il başa çatdı. Bu sahələrdə sığorta mexanizmi işləmədiyi üçün və əhali gəlir əldə etmədiyinə görə, əkin problemi yaranmışdı. Bizim toxumçuluq müfəttişliyi və müvafiq orqanlar vasitəsi tədbirlər gördük. Həmin sahələrə xarici ölkələrdən toxumlar gətirib verdik. Müjdəm ondan ibarətdir ki, həmin adı sadalanan rayonlarda zərər görmüş, zərərin nəticəsini müvafiq aktlarla rəsmiləşdirilmiş və bizimlə razılaşdırılaraq toxum borca götürmüş müəssisələrin borcları bu günlərdə silinəcək”.
Nazir bildirib ki, bu, təxminən 3 milyon manata yaxın bir vəsaitdir. Yəni, həmin 4 rayondakı zərərçəkmişlər borcunu qaytarmayacaqlar: “Dövlət bu borcu öz üzərinə götürür və yəqin ki, bu günlərdə ehtiyyat fonddan vəsait ayrılaraq həmin borcların silinməsi həyata keçiriləcək”, – deyə nazir bildirib.
H.Əsədov həmçinin bildirib ki, əhaliyə bir neçə müjdəsi daha var. Amma nazir qərarlar qəbul edilməmiş bütün müjdələri açıqlamağı istəmədiyini deyib. O bildirib ki, qərarların qəbul edilməsi üçün münbit şərait olmalıdır və vaxtı gələndə həmin müjdələr də əhaliyə açıqlanacaq
Son xəbərlər
Digər xəbərlər