Arkadi Volojun “Nebius” şirkəti konvertasiya olunan istiqrazların yerləşdirilməsi hesabına $3,75 milyard cəlb etməyi planlaşdırır. Şirkətin məlumatına görə, ümumilikdə iki istiqraz buraxılışı olacaq: 2031-ci ildə ödəniş müddəti bitən $2 milyardlıq və 2033-cü ildə ödəniş müddəti bitən $1,75 milyardlıq istiqrazlar.
Cəlb olunan vəsait “Nebius” tərəfindən data mərkəzlərinin tikintisinə, öz texnologiyalarının inkişafına və zəruri komponentlərin, o cümlədən süni intellekt üçün çiplərin alınmasına yönəldiləcək.
2026-cı il 17 mart, Bakı vaxtı ilə saat 19:04-ə olan məlumata görə, “Nebius”un səhmləri 10,3% ucuzlaşır. “Bloomberg”in qeyd etdiyi kimi, şirkət infrastrukturu genişləndirmək və artan hesablama gücü tələbatını qarşılamaq üçün borc bazarlarına çıxır — investorlar isə süni intellekt bazarında “balon” yaranmasından ehtiyat edirlər. Bununla belə, son bir ildə “Nebius”un səhmləri təxminən 360% artıb.
2026-cı il 16 martda “Nebius” “Meta” ilə beş il ərzində $27 milyard dəyərində hesablama güclərinin icarəsi barədə saziş imzalayıb. Bu sövdələşmə və şirkət səhmlərinin artımı fonunda “Forbes” “Nebius”un təsisçisi Arkadiy Volojun sərvətinin qiymətləndirilməsini bir gün ərzində $521 milyon artıraraq $4,4 milyarda çatdırıb. 2025-ci ilin may ayından etibarən bu göstərici 3,5 dəfədən çox artıb.
“Nebius Group” — Rusiyadakı “Yandex” biznesinin satışından sonra adını dəyişmiş “Yandex N.V.”dir. Şirkət süni intellekt üçün infrastrukturun yaradılması ilə məşğuldur.






