12 C
Baku
Sunday, September 29, 2024

Necə edəsən ki, ofis işinə marağın itməsin?

Hərdən elə olur ki, işdə heç nə etmək istəmirsən, yəqin ki, bu situasiya hamınıza tanışdır. Əslində görüləsi iş çoxdur, amma sanki bunları etməyə nə güc, nə də həvəs var. Həmişə quş kimi uçan vaxt isə indi sanki sürünür… vaxt keçmək bilmir…

Ən pisi isə onda olur ki, sizin əməkhaqqınız işdə göstərdiyiniz səydən asılı olur. Xüsusən də bu sövdələrdən gələn faizlər əsasında işləyən insanlar üçün aktualdır. Əgər nədən başlayacağını, nə perspektivi, nə də hədəflərini görmürsənsə, onda faizləri necə əldə edəcəksən? Sadəcə kompüter arxasında oturanda, mənasız xəbərləri boş-boşuna oxuyanda, sizə heç bir faydası olmayan səhifələrdə dolaşanda, insanın beyni sadəcə yuxuya gedir.

Bütün bunların olduqca faydalı və işə yarayan bir həll yolu vardır. Darıxdırıcı və yeknəsəq olmaması üçün yarım saatlıq iş tapşırıqları mexanizmindən istifadə edin.

Bütün dahi sxemlər kimi, bu sxem olduqca sadədir. Bütün iş günü ərzində dayanmadan eyni bir işlə məşğul olmaq olmaz. Bu yeknəsəqlik hətta ən maraqlı işlə məşğul olmaq həvəsini “öldürə” bilər. Bütün işlərinizi xırda tapşırıqlara bölün və onların hər birinin icrasına yarım saat ayırın.

Belə bir iş gününün nümunəsini sizə təqdim edirəm.

9.00 – 9.30 – işə gəldiniz, xəbərləri oxuyun, poçtunuzu yoxlayın.

9.30 – 10.00 – yazmağa başlayın, məsələn hesabat və ya məqalə yaza bilərsiniz, tərcümə etmək də olar. İlk səhifəni hazırlayın.

10.00 – 10.30 – müştəriyə zəng edin, görüş haqqında razılığa gəlin. Əgər vaxt qaldısa, başqasına da zəng edə bilərsiniz.

10.30 – 11.00 – poçtunuza gəlmiş, cavablanması tələb edən məktublara cavab yazın.

11.00 – 11.30 – stolunuzun üstündəki kağızlara, sənədlərə əl gəzdirin, bir dənə alma yeyin.

11.30 – 12.00 – beş kompaniyaya zəng edib, öz xidmətlərinizi təklif edə bilərsiniz…

Bu ardıcıllıqla davam edin

Ən vacibi qayda 1! Heç bir işi yarım saatdan çox müddət ərzində etməyin. Əgər növbəti saat üçün nəsə planlaşdırmısınızsa, həmin işin icrasına keçin. Sonra yenə yarıda buraxdığınız bundan öncəki işin tamamlanmasına yarım saat ayırın.

Qayda 2. Bir-birinin ardınca eyni xarakterli məsələlər həll etməyin. Məsələn, «bu ayın gəlirləri üzrə hesabat tərtib etmək» və ardınca «bu ayın xərcləri üzrə hesabat hazırlamaq». Daha yaxşı olar ki, növbəti yarım saatlıq müddəti gördüyünüz işdən fərqli, əks mövqedə dayanan bir tapşırığa sərf edəsiniz. Məsələn öz ixtisasınız üzrə üç səhifəlik material oxuyun.

Qayda 3. Əgər siz tapşırığı yarım saat ərzində icra edib qurtara bilmirsinizsə, onda ona bir az çox vaxt ayıra bilərsiniz, amma bu bir qayda deyil, istisna olmalıdır.

Qayda 4. Mütləq yarım saatlıq tapşırıqlara çay fasilələrini, sosial şəbəkə ilə ünsiyyəti, ofisdən küçəyə və geri bir dəqiqlik gəzintiləri də daxil edin. Bu sizin çox vaxtınızı aparmayacaq, amma iş gününüzü daha rəngarəng edəcək. Bununla yanaşı sizin öz həmkarınızla çay içmək üçün sevimli vaxtı və ya küçəyə beş dəqiqəlik hava almağa çıxmaq üçün əlavə fürsəti gözləməyə yeni stimulunuz yaranacaq.

Qayda 5. Hətta nəsə etməyə həvəsiniz olmasa belə, işinizi görün! Siz xoşagəlməz işlərin öhdəsindən yalnız bu yolla gələ bilərsiniz. Bundan sonra siz rahatca nəfəs alaraq, özünüzü tərifləyə bilərsiniz. Hətta bunun öhdəsindən gəldiyinizi dərk edərək zövq almağınız üçün belə, bu yarım saatlıq əziyyətə qatlaşmağa dəyər: “Mən bunu bacardım!”

Unutmayın ki, nə qədər çox xırda iş etsəniz, gün bir o qədər tez keçəcək. Gün məhsuldar və qısa olacaq, sizin əhval-ruhiyyəniz isə yüksək olacaq, çünki siz çoxlu iş görməyə çatdıra bilmisiniz və bunun hamısını məmnuniyyətlə və zövq alaraq etmisiniz!

P.S. Sözü gedən fakt əksər ofis əməkdaşları üçün uyğun gəlir, amma bu o demək deyil ki, o hamıya uyğun gəlməlidir. Öz işinizin xarakterik cəhətlərinə uyğun olaraq onu korrektə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər