24 C
Baku
Thursday, April 18, 2024

Neeley School of Business-in məzunu Elvin Əliyevin xarici təhsil təcrübəsi

Müsahibimiz Neeley Biznes məktəbinin məzunu Elvin Əliyev

Xaricdə təhsil almaq qərarına necə gəldiniz, niyə məhz ABŞ və Neeley School of Business at TCU? Bu universiteti hansı meyarlar üzrə seçdiniz?

elvin%20elniyemvSirr deyil ki, Azərbaycanda ali təhsil ocaqlarının yetişdirdiyi və biznesin ehtiyac duyduğu mütəxəssislər arasında böyük bilik boşluğu mövcuddur. Regionlaşma və qloballaşma prosesləri xarici mütəxəssisləri Azərbaycana gətirməklə yerli mütəxəssisləri rəqabətlə üz-üzə qoydu. Böyük transmilli korporasiyalar və xarici şirkətlər milli bazarda xarici mütəxəssisləri yerli mütəxəssislərdən üstün tuturdular. Məhz buna görə də hələ ADİU-də bakalavrda oxuyarkən mən artıq düşünürdüm ki, bu rəqabətə davam gətirmək üçün keyfiyyətli təhsil almalıyam. Xarici universitetlərə qəbul olmaq üçün ingilis dilini öyrənməyə başladım.

2010-cu ildə mən Britaniya universitetlərinə sənədlərimi göndərdim, və onlardan ikisinə qəbul olundum. Lakin mənim arzum ABŞ-da MBA proqramını oxumaq idi, çünki bu ölkə MBA proqramının vətənidir. Elə həmin il dostlarımdan biri ABŞ-ın Dövlət Departamentinin Təqaüd proqramına sənədlərimi göndərməyi tövsiyə etdi. Bununla da, mən MUSKİE- proqramının finalçısı kimi təhsilimi davam etdirmək üçün ABŞ-a üz tutdum. Britaniyaya sənədlərimi verərkən universitetləri özüm seçmişdimsə, ABŞ-da oxuyacağım universiteti İREX özü təyin etdi. Buna baxmayaraq, İrex mənim üçün tam ürəyimcə olan bir universitet seçmişdir. Neeley School of Business-də təhsil aldığıma görə özümü çox şanslı hesab edirəm, çünki bu MBA proqramı davamlı olaraq dünyada top-100 MBA reytinqlərinə daxil olur. Adətən, MBA proqramlarını seçəndə bir neçə meyarları nəzərə almaq lazımdır. Reytinq, proqramın böyük şirkətlərlə əlaqəsi və ixtisaslaşma vacib meyarlardır. Neeley School of Business Maliyyə və Logistika fakültələrinə görə fərqlənirdi.

Adətən təhsilin maliyyələşməsi Azərbaycanda olan insanlar üçün ən böyük baryerdir. Siz bu problemi necə həll etdiniz?

Təəssüf ki, maliyyələşmə məsələsi xaricdə oxumağın ən çətin bir hissəsidir. Mən Britaniya universitetlərinə sənədlərimi verəndə həm Dövlət proqramını, həm də Dünya Bankının təqaüd proqramını nəzərdən keçirirdim. Qəbul olduğum Muskie təqaüd proqramı isə mənim bütün xərclərimi qarşılayırdı. Mən ABŞ-ın Dövlət Departamentinin maliyyələşməsi ilə oxusam belə, ABŞ-da oxumaq istəyənlər üçün yaxşı məsləhətim var.

ABŞ-da çoxlu akkreditasiya olunmuş universitetlər var ki, onlar reytinqlərə düşmək üçün xarici tələbələri cəlb etməyə çalışırlar. Bu o demək deyil ki, həmin universitetlərdə təhsilin keyfiyyəti aşağıdır. Sadəcə son zamanlar tendensiyalar göstərir ki, tələblərin dünya görüşünü artırması üçün xarici tələbələrin proqramda iştirakı zəruridir. Reytinq qazanmaqdan ötrü bu universitetlər xarici tələbə qəbul edərkən bir çox güzəştlərə gedirlər. Elə universitetlər var ki, orada tamamilə pulsuz oxumaq olur. Bu o deməkdir ki, tələbəyə yalnız onun qalmaq və gündəlik xərclərini ödəmək bəs edir. Nəticə olaraq məsləhətim odur ki, tələbələrimiz ABŞ-ın kiçik və regional universitetlərinə nəzər yetirsinlər.

FES-də necə işə düzəldiniz və bu sizə nə kimi təcrübə qazandırdı?

Bakıda bakalavr pilləsində oxuduğum müddətdə hər zaman Federal Ehtiyat Sistemini görmək istəmişəm. Ona görə fikrimdə var idi ki, əgər ABŞ-a getsəm, mütləq tur alıb FES-in binasını gəzəcəyəm. Lakin heç vaxt təsəvvür edə bilməzdim ki, mən nə vaxtsa ABŞ-ın belə bir nüfuzlu strukturunda işləyə bilərəm. ABŞ-da şəbəkələşmə insanın həyatında çox mühüm yer tutur. Bir gün mənə Dallas Federal Reserve Bankının açıq mühazirə keçirilməsi barədə məktub gəldi. Yerlər məhdud olsa da, mən qeydiyyatdan keçə bildim.

Beləliklə, mühazirələrdən birində FES-in əməkdaşı ilə mühazirəni müzakirə edərkən təsadüfən məlumat aldım ki, Dallas Federal Bank hazırda magistr tələbələri üçün qısamüddətli iş təklif etməyi nəzərdə tutur. Bu proqramın hər bir detalı haqda öyrəndim. Beləliklə, beş aydan sonra onların saytında həmin vakansiya açılan kimi dərhal sənədlərimi göndərdim və bununla da mən oraya işə qəbul olundum. Dallas Federal Rezerv Bankının iki görkəmli iqtisadçıları, Baş İqtisadçı Antoni Mörfi və hal-hazırda Vitse Prezident olan Con Dukanın iqtisadi araşdırmalar üzrə köməkçisi vəzifəsində çalışdım. Peşəkar fəaliyyətimdən savayı bu iki insanı tanımaq mənim şəxsi dəyərlərimə böyük təsir etdi.

ABŞ-da sizi ən çox nə təəccübləndirdi və hələ də təəccübləndirməyə davam edir?

ABŞ-ın Qanunvericilik Sistemi məni çox təəcübləndirdi. Hər bir ştatı suverenitet kimi qoruyub saxlamaq üçün ştat və federal hökumət arasında idarəçilik bölgüsü çox incə aparılıb. Belə qanunvericilik sisteminə görə Amerika Birləşmiş Ştatları bir növ Avropa İttifaqının suveren dövlətlərini xatırladır. Məni təəccübləndirən də o oldu ki, ABŞ-ın daxilindən hər bir ştat özlüyündə müstəqil dövləti xatırladır.

Bundan başqa sözün yaxşı mənasında məni təəcübləndirən insanların bir-birinə olan münasibəti idi. Kapitalizmin beşiyi olan bu ölkədə təbəqələr arası fərqləri görmək mənim üçün çətin idi və insanlara münasibət təbəqədən asılı olaraq fərqlənmir. İnsana yalnız onun insan olduğu üçün hörmət edirlər. Fikrimcə, bu, həyatda gördüyüm ən ali ideologiyadır.

Xaricə təhsil almağa gedərkən gözləntiləriniz necə idi, təhsili başa vurduqdan sonra onlar necə dəyişdir?

Sözün açığı Azərbaycandan yola düşərkən mən çətinliklərə üzləşəcəyimi fikirləşirdim. Lakin amerikanlar o qədər qonaqpərvər və kömək etməyə can atan bir insanlardırlar ki, çətinliklə üzləşəndə hər zaman dostlarımdan kömək görmüşəm. Dostlaşmaq məsələsinə qalanda isə gülərüz amerikalılar ilə dostlaşmaq mənim üçün çox asan idi.

Xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyə edə bilərsiniz?

Xaricdə təhsil almaq çox dünyaya daha gözü açıq baxmaq üçün lazımi təcrübəni qazandırır. Beynəlxalq biznes ilə məşğul olmaq, transmilli korporasiyaların bir hissəsi olmaq və dünya miqyaslı bir mütəxəssis olmaq istəyənlər üçün xaricdə təhsil almaq zəruridir. Artıq xarici universitetlərə qəbul olunan və getməyə hazırlaşan tələbələrə də tövsiyəm var. Başqa bir ölkənin mədəniyyətinə düşəndə bir çoxunun ən böyük səhvlərindən biri o olur ki, onlar həmin mədəniyyəti bizim mədəniyyət ilə müqayisə edəndə bizim mədəniyyəti etalon kimi qəbul edirlər. Tövsiyəm də budur ki, çalışsınlar hər cür mədəniyyəti necə var elə qəbul etsinlər. Yalnız bu zaman həmin mədəniyyətə inteqrasiya edərək insanlara hörmət etmək olur. Xaricdə olduğum zaman anladım ki, insanlar dəyişikliklərdən çox qorxurlar. Məncə insan başqa mədəniyyətlərə inteqrasiya etmək bacarığını inkişaf etdirsə kosmopolit insan olar.

Son xəbərlər
Digər xəbərlər