11 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Neft 80 dollar ətrafında olarsa, bu, Azərbaycana nə qədər gəlir gətirə bilər?

Qlobal yanacaq böhranı səngimir, əksinə, sürətlənir. Şimal yarımkürəsində hələ qış başlamamış yaranan təbii qaz çatışmazlığına və qiymətlərin beş dəfə artmasına neft qıtlığı da əlavə olunub.

Qlobal iqtisadiyyat koronavirus letargiyasından oyanandan sonra qaza tələbat sürətlə artdı və bu, qiymət artımına gətirib çıxardı.

Hərçənd bəzi xırda səbəblər də vardı: yaşıl enerjiyə keçiddən tutmuş keçən ilki soyuqlara görə anbarlardakı ehtiyatların tükənməsinə qədər.

Qazı az olan ölkələr kömür və neft məhsulları da daxil olmaqla, daha “çirkli” yanacaq növlərinə keçməli oldular.

Azərbaycana təsiri necə olacaq?

Lakin hazırkı konyunktura Azərbaycan da daxil, qaz və neft ixracatçısı olan ölkələr üçün əlverişli perspektivlər açır, təhlillərdə göstərilir.

Azərbaycanda ötən il ilk dəfə olaraq, neftdən gələn mənfəət 4 milyarddan aşağı həddə düşüb. Cari ilin hasilatı 9 ayın nəticələrinə görə hələ ötən ilin səviyyəsindən geri qalır.

Amma, neft məsələləri üzrə təhlilçi İlham Şabana əsasən, o, oktyabrdan sonra yüksələ bilər. Bu isə deməkdir ki, Neft Fonduna köçürmələrin əhəmiyyətli dərəcədə artacağını proqnoz etmək olar.

“Neft 80 dollar ətrafında olarsa, Azərbaycan Neft Fonduna 6 milyard dollar neft gəlirlərinin gəlməsi realdır,” – İlham Şaban deyir.

Beynəlxalq Energetika Agentliyi (İEA) xəbərdarlıq edir ki, nəticədə gündəlik neft tələbatı 500 min barrelə yüksələcək, 2021-ci ilin sonrakı aylarında isə dünya üzrə sutkalık kəsir 200 yox, 700 barrel təşkil edəcək.

OPEK+ ölkələrinin ixracı artırmaq vədini yanvar ayına qədər gözləmək lazım gələcək.

Bu, istehlakçılar üçün pis xəbərdir, çünki yanacağın bahalanması istehsalın bərpasını ləngidir və vətəndaşlar gəlirlərinin daha çox hissəsini elektrik enerjisinə sərf etməli olurlar. Nəticə etibarilə iqtisadiyyat ikiqat zərbə alır: böyümə yavaşlayır, qiymətlərsə artır.

Amma istehsalçılar üçün, o cümlədən, Rusiya və Azərbaycan üçün xammal çatışmazlığı yaxşı xəbərdir. Qiymətlər üç il ərzində rekord həddə çatıb, “Brent” markalı neftin bir barreli 85 dolları keçib.

İham Şabanın sözlərinə görə, ötən il neftin orta ixrac qiyməti 41,9 olmuşdusa, cari ilin birinci yarısında o, artıq 62,5 dollara çatdı, ümumi illik qiymət isə 70 dolların üstündə olacaq.

“Yəni təqribən iki dəfəyə yaxın artım. Əlbəttə ki, gəlirlər artacaq”.

Əgər Rusiya Prezidenti Vladimir Putinin proqnozuna inansaq, bu, son hədd olmayacaq. Xammalın qıtlığı və bahalanması istehsalçılara başqa yöndən də sərf edir.

İlham Şabana görə, hazırda bahalaşmaya səbəb olan həm də yüksək qaz qiymətləridir. Buna görə, elektrik istehsalçıları yenidən mazutdan istifadəyə keçməklə neft qiymətlərinə təzyiqi artırırlar.

Qazın qiyməti qısa müddətə 1000 dolların həddinin altına düşsə də, yenidən artaraq 1300-ə qədər bahalaşıb. Yəni qiymətlər dəyişkəndir.

“Amma reallıqda qiymətlər çox güman ki, bu qış mövsümü üçün 80-85 dollar ətrafında qala bilər”, İlham Şaban deyir.

Enerji böhranı yaşıl inqilabı ləngitdi, inkişaf etmiş ölkələrin vətəndaşları gördülər ki, təmiz gələcəyə keçidin xərcini onlar ödəməli olacaqlar. Neftçilər “Təkcə külək turbinləriylə keçinə bilməyəcəyinizi sizə demişdik” ədasıyla davranmaq fürsətindən başqa, “çirkli” enerjiylə bağlı yeni layihələrə həvəssiz razılıq verən, zorla pul ayıran hakimiyyətlərin və biznesmenlərin daha üzüyola olacağına ümidləndilər.

Bu böhran sonuncu olmayacaq

Hasil edilən yanacaq istehlakçısı ölkələrinin beyin mərkəzi Beynəlxalq Enerji Agentliyi (İEA) bu günlərdə xəbərdarlıq etdi ki, iqtisadiyyatın bərpa olunan enerjiyə keçməsi prosesində dünya indikinə bənzər bir neçə enerji böhranıyla üzləşməli olacaq.

Çünki 2014-15 və 2020-ci illərdəki qiymət çöküşündən sonra neft hasilatına, kömür və atom elektrik stansiyalarına, o cümlədən digər ənənəvi enerji mənbələrinə investisiya imkanları tükənib.

Alternativ enerjiyə qoyulan investisiyalarsa inkişaf etməkdə olan ölkələrin və 2050-ci ilə qədər 2 milyard da çoxalacaq dünya əhalisinin enerjiyə artan tələbatını ödəyə biləcək miqdarda külək turbinləri və günəş stansiyaları inşa etmək üçün yetərli deyil.

Nəticədə paradoksal situasiya yaranıb: neft və qaz dünya iqtisadiyyatının çox az sahələrindəndir ki, planetin kataklizmlərlə, kütləvi miqrasiyalarla və yoxsulluqla müşayət olunan istiləşməsinin qarşısını almaq və karbon neytrallığına nail olmaq üçün tullantıların azaldılması məqsədini tam yerinə yetirir.

Bütün digər sahələr, məsələn, nəqliyyat və elektrik enerjisi Paris razılaşmasında, demək olar ki, bütün ölkələrin öhdəlik olaraq təsdiqlədikləri məqsədlərdən ciddi şəkildə geri qalırlar.

Vəziyyət tezliklə dəyişməsə, indiki yanacaq böhranı sonuncu olmayacaq.

“İEA bir neçə dəfə bu dalandan çıxış yolu göstərib – texnoloji baxımdan təmiz enerjiyə və infrastruktura yatırımları ciddi ölçüdə artırmaq və bunu sürətlə etmək lazımdır. Əks təqdirdə dünya enerji bazarlarını təlatümlü və narahat bir gələcək gözləyir”, – qurumun açıqlamasında belə deyilir.

Sadəcə danışmaq kifayət etməz, hərəkət etmək lazımdır.

Mənbə:BBC
Son xəbərlər
Oxşar xəbərlər
X