Bu gün səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib.
Bu barədə “Azneft” İB-dən məlumat verilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb.
Meydançada işlək quyuların fəaliyyəti dayandırılıb, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılıb və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.
Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.