Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə investisiya portfelinə daxil olan valyutaların ABŞ dollarına qarşı ucuzlaşması səbəbindən 0,9 mlrd. dollar məbləğində məzənnə fərqi ilə bağlı büdcədənkənar xərcləri yaranıb.
Analitika qrupu Report bildirir ki, məzənnə fərqi səbəbindən zərər edən ARDNF-in valyuta portfelində bir sıra valyutalar heç vaxt köhnə qiymətlərinə qayıtmaya bilər. Bunların arasında Türkiyə lirəsi, Rusiya rublu kimi valyutalar var. Yəni, bu valyutalara investisiya yatırılmasına dair qərarlar əvvəlcədən yanlış olub.
“ARDNF-in neftdən gələn gəlirlərə toxunmaması Azərbaycanın 0,9 mlrd. dollar itirməməsinə səbəb olacaqdı. Fondun vəzifəsi isə bazardakı proseslərə zamanında operativ və çevik reaksiya verməklə yanaşı qarşıdakı aylar və hətta illərdə baş verə biləcək dəyişikliklər və tendensiyaları maksimum düzgün qiymətləndirmək və proqnozlar verməkdir. Bu proqnozlar əsasında isə Fondun investisiya siyasəti formalaşmalıdır”, – deyə analitiklər qeyd edib.
Xatırladaq ki, Fond daha əvvəl də avro və funt sterlinqdə ucuzlaşmanı proqnozlaşdıra bilməyib və bu səbəbdən onun portfeli bir neçə milyardlar dollar azalıb. “Hər dəfə bu, Fondun uzunmüddətli konsertvativ siyasəti kimi təqdim olunub. Lakin nəzərə almaq lazımdır ki, Fond daha çevik siyasət aparsaydı, yalnız avro və funt sterlinqdə olan investisiyaları azaltmaqla bir neçə milyard dollar qazanc əldə edərdi. Hansı ki, neftin ucuzlaşması fonunda bu vəsait hazırda Azərbaycana əlavə maliyyə dəstəyi verərdi”, – deyə ekspertlər hesab edirlər.
Agentliyin analitikləri əlavə edirlər ki, daha bir məqam Fondun investisiya portfelində səhmlərə yatırılan investisiyaların payının 10%-dən 15%-dək artırması ilə bağlıdır. Qlobal dünya iqtisadiyyatının yavaşlama dövrünə daxil olması, ABŞ-da uçot dərəcəsinin artırılması nəticəsində səhm bazarından vəsaitlərin istiqrazlara doğru yönəldilməsi bu qərarın hazırkı dövrdə ertələnməsi zərurətini ortaya qoyur. Yəni, yaxın illərdə səhm bazarında ciddi geriləmə yaşana bilər.