10 C
Baku
Thursday, November 14, 2024

Neft Fondunun büdcəyə transfertləri azalıb

2016-cı il üzrə dövlət büdcəsinin mədaxili 17 mlrd. 501,2 mln. manat, xərcləri 17 mlrd. 742,4 mln. manat olub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2016-cı il üzrə dövlət büdcəsinin mədaxili 16 mlrd. 822 mln. manat proqnoza qarşı 17 mlrd. 501,2 mln. manat və ya 104% icra olunub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 7 mlrd. 15,2 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 77,1%-i və ya 5 mlrd. 408,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilə nisbətən 379,8 mln. manat və ya 7,6% çoxdur.

2016-cı il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 126,6% əməl edərək dövlət büdcəsinə 2 mlrd. 291,6 mln. manat vəsait təmin edilib ki, bu da 2015-ci illə müqayisədə 699,7 mln. manat və ya 44% çoxdur.

2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 mln. manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130,9 mln. manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68,8 mln. manat, o cümlədən xarici kreditlər üzrə 54,2 mln. manat, cərimə və sanksiyaların tətbiqindən 40,4 mln. manat, sair daxilolmalardan 92,2 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 mlrd. 615 mln. manat vəsait transfert edilib ki, bu da 2015-ci illə müqayisədə 515 mln. manat və 6,3% azdır.

2016-cı ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7 mlrd. 398,1 mln. manat icra olunub.

Ötən il dövlət büdcəsinin xərcləri 95,9% və ya 17 mlrd. 742,4 mln. manat icra edilib.

2016-cı ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 mlrd. 120,2 mln. manat icra olunub.

Ötən il ərzində dövlət büdcəsi xərclərinin 11 mlrd. 693 mln. manatı və ya 65,9%-i cari xərclərə, 4 mlrd. 283,9 mln. manatı və ya 24,1%-i əsaslı xərclərə, 1 mlrd. 765,5 mln. manatı və ya 10%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 35,2%-i və ya 6 mlrd. 237,4 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 571,5 mln. manat və ya 10,1% çoxdur.

Dövlət büdcəsinin kəsiri 242,1 mln. manat təşkil edib.

Ötən ilin icmal büdcəsinin gəlirləri 21 mlrd. 581,6 mln. manat, xərcləri isə 21 mlrd. 406 mln. manat icra olunub.

APA

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər