İnvestorlar diqqətlərini ABŞ-Çin ticarət danışıqlarına və ABŞ-da hasilatın azalacağına dair əlamətlərə yönəldiyi bir vaxta neft qiymətləri artaraq son dörd ilin ən aşağı səviyyələrinin bir qədər üzərində möhkəmlənib.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 44 sent və ya 0.7% artaraq bir barel üçün 62.59 dollara WTI markalı nefti isə 50 sent və ya 0.9% bahalaşaraq bir barel üçün 59.59 dollar olub.
Hər iki göstərici son zamanlar OPEC+ alyasnsının hasilatı sürətlə artırmaq qərarından sonra dörd illik minimuma düşmüşdü. Bu qərar, ABŞ-ın tətbiq etdiyi tariflərin tələbatla bağlı narahatlıqları artırdığı bir vaxtda, bazarda artıq təklif qorxularını gücləndirmişdi.
Analitiklər düşünür ki, ABŞ və Çin arasında bu həftəsonu ticarət danışıqlarına başlanılacağı xəbəri Brent neftinin qiymətinin artmasına səbəb olub və neft bazarında bir növ rahatlanma ralli yaradır.Danışıqlar bazar əhval-ruhiyyəsini yaxşılaşdıra bilər, lakin tələbat perspektivinin düzəlməsi üçün tariflərin əhəmiyyətli dərəcədə azaldılması vacibdir.
Digər tərəfdən, son həftələrdə aşağı neft qiymətləri ABŞ-da bəzi enerji şirkətlərini — o cümlədən “Diamondback Energy” və “Coterra Energy” qazma qurğularını azaltmağa vadar edib. Analitiklərin fikrincə, bu, hasilatın azalmasına və nəticədə qiymətlərin dəstəklənməsinə səbəb olacaq.
Son açıqlamalar hasilatın qarşıdakı aylarda zəifləyəcəyini göstərir. Qiymətlərin enməsi və qazma fəaliyyətinin azalması ABŞ-da neft hasilatının aşağı düşməsi riskini artırır.
Bazar mənbələrinin verdiyi məlumata görə, Amerika Neft İnstitutunun (API) çərşənbə axşamı paylaşdığı rəqəmlərə əsasən, 2 mayda bitən həftədə ABŞ-ın neft ehtiyatları 4,5 milyon barel azalıb.
ABŞ hökumətinin rəsmi ehtiyat məlumatları isə bu gün saat 19.30-da açıqlanacaq. Analitiklər ötən həftə üçün ortalama 800 min barel azalma gözləyirlər.
Qiymətlər həm də tələbatın yaxşılaşmasına dair əlamətlərdən dəstək alıb. Çində istehlakçılar May Bayramı zamanı xərclərini artırıblar və beş günlük tətil sonrası bazara qayıdan iştirakçılar alıcılıq aktivliyini yüksəldiblər.
Avropada isə şirkətlərin birinci rübdə 0,4% mənfəət artımı açıqlayacağı gözlənilir ki, bu da bir həftə əvvəlki 1,7%-lik azalma proqnozundan daha yaxşıdır.
Federal Ehtiyat Sisteminin bu gün faiz dərəcələrini dəyişməz saxlaması geniş şəkildə gözlənilir, çünki tariflər iqtisadi perspektivə qeyri-müəyyənlik gətirir. Bu barədə öncəki məqalələrimizdə də qeyd etmişik. (Analitika bölməsində)