OPEC+ ölkələrinin hasilatı sabit saxlamaq planını yenidən təsdiqləməsi, Xəzər Boru Kəməri Konsorsiumunun böyük dron hücumundan sonra ixracı dayandırması və ABŞ–Venesuela gərginliyinin təchizatla bağlı narahatlıqları artırması səbəbi ilə neft qiymətləri bazar ertəsi yüksəlib.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 08:00 radələrində (Bakı vaxtı) 1,01 dollar və ya 1,62% artaraq bir barel üçün 63,39 dollara qalxıb. ABŞ-ın WTI nefti isə 1 dollar və ya 1,71% artaraq 59,55 dollara çatıb.
Hər iki fyuçers müqaviləsi cümə günü ardıcıl dördüncü ayı da aşağı qiymətlə başa vurub — bu, 2023-dən bəri ən uzun eniş seriyasıdır. Artan qlobal təkliflə bağlı gözləntilər qiymətlərə təzyiq göstərib.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri (Azərbaycan da bu alyansdadır) noyabrın əvvəlində hasilat artımının dayandırılması barədə razılaşmışdı. Bu addım bazar payını bərpa etmək səylərini ləngidir və bazarda mümkün təklif artığı ilə bağlı narahatlıqlar fonunda atılıb.
Bazar günü keçirilən iclasdan sonra OPEC+ “ehtiyatlı yanaşmanı qorumağın və əlavə könüllü hasilat tənzimləmələrini davam etdirmək və ya geri çevirmək üçün tam çevikliyin saxlanmasının vacibliyini” yenidən vurğuladı.
Bu qərar bazar iştirakçıları tərəfindən gözlənilən idi.
LSEG-in aparıcı analitiki Anh Pham bildirib ki, bazar səhər saatlarında xəbərə müsbət reaksiya verib: “Bir müddətdir ki, gündəlik müzakirələr neft bolluğu ətrafında cərəyan edirdi. “OPEC+”-ın hasilat planını dəyişməmək qərarı müəyyən rahatlıq yaratdı və yaxın aylarda təklif artımı ilə bağlı gözləntiləri sabitləşdirdi”.
Şənbə günü ABŞ Prezidenti Donald Tramp “Venesuela üzərində və ətrafındakı hava məkanının bağlı hesab edilməli olduğunu” deyib. Cənubi Amerikanın əsas neft istehsalçılarından biri olan Venesuela ilə bağlı bu açıqlama bazarda yeni qeyri-müəyyənlik yaradıb.
Tramp bazar günü bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro ilə danışıb, lakin təfərrüat verməyib. Həmçinin hava məkanı ilə bağlı sözlərini genişləndirməyib və bunun mümkün hərbi zərbələri nəzərdə tutub-tutmadığını deməyib. “Heç nəyə yozmayın”, – Tramp deyib.
ING analitikləri müştəri qeydlərində yazıblar ki, “Ukraynanın Rusiya enerji infrastrukturuna əlavə hücumları və ABŞ–Venesuela gərginliyinin artması fonunda təchizat riskləri yüksəlir”.
Rusiya, Qazaxıstan və ABŞ səhmdarlarına məxsus Xəzər Boru Kəməri Konsorsiumu şənbə günü bildirib ki, Qara dənizdəki Rusiyaya aid terminalda bir yanalma qurğusunun Ukrayna dronu tərəfindən zədələnməsindən sonra əməliyyatlar dayandırılıb. Konsorsium dünya neftinin 1%-dən çoxunu idarə edir.
Avropada isə Rusiya–Ukrayna sülh razılaşması ətrafında artan qeyri-müəyyənlik son iki həftənin mənfi sentimentini dəyişib. O vaxt sülh sazişinin yaxınlaşması Rusiyadan böyük həcmdə neftin bazara axacağına dair narahatlıq yaratmışdı.
Ukrayna ordusu şənbə günü sosial media vasitəsilə bildirib ki, Rostov bölgəsində Rusiya neft emalı zavodunu və Beriev hərbi aviasiya zavodunu vurub.







