“Global Energy Solution” MMC (GLENSOL) manatda borc cəlbi üçün yenidən kapital bazarına üz tutub.
Banker.az xəbər verir ki, hər biri 100 manat olan 50 000 ədəd faizli, təminatsız, sənədsiz adlı istiqraz buraxacaq.
İstiqrazın gəlirliliyi illik 12 faiz, istiqrazların tədavül müddəti isə 24 ay təşkil edəcək.
İstiqraz təklifinin əsas səbəbi şirkətin əsas fəaliyyətinin genişlənməsi fonunda biznesin dəstəklənməsi üçün dövriyyə kapitalının cəlb edilməsidir.
Bildirilir ki, GLENSOL-un mövcud partnyorları ilə genişlənən və şaxələnən biznes əlaqələrinin nəticəsi olaraq orta və uzunmüddətli dövrdə şirkətin biznes portfelində böyümə gözlənilir ki, bu böyümənin dəstəklənməsi üçün əlavə dövriyyə kapitalına ehtiyac yaranır.
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“Artan dövriyyə kapitalına olan tələbi ödəmək üçün həm daxili resurslar, həm də xarici maliyyələşmə mənbələrindən istifadə nəzərdə tutulur”- deyə, Banker.az tərəfindən əldə edilm iş sənəddə qeyd edilib.
Öncə maliyyə vəziyyətinə nəzər saldıqda “Global Energy Solutions” MMC 2024-cü ilin 1-ci yarımilliyini 3 milyon 790 min manat mənfəətlə başa vurduğu məlum olur. Ötən ilin eyni dövründə MMC-nin mənfəəti 4 milyon 255 min manat olub ki, bu da illik müqayisədə 11% azalmadır. Lakin, bu ilin 6 ayında “Global Energy Solutions” MMC-nin ümumi gəlirləri 51% artaraq 54 milyon 956 min manat olub.
Xatırladaq ki, Global Energy Solutions MMC-nin 90% payı Nobel Energy Limited (İngiltərə şirkətinə), 10% payı isə Nobel Oil İnvestment (UK) LTD (İngiltərə) şirkətinə məxsusdur.
“Global Energy Solutions” 2012-ci ildən neft, qaz, enerji və su sahələrində sahə işləri və avadanlıqların təmiri sferasında xidmət göstərir.