28 C
Baku
Saturday, July 27, 2024

Neft qiyməti təzyiq altında: BƏƏ qərara qarşı, ABŞ isə qiymət artımından narahatdır

OPEC+ alyansındakı qərarla bağlı böhranın dərinləşməsi neftin qiymətinə təsirini göstərməkdədir. Özü də mənfi olaraq. Artıq Brentin qiyməti 77 dollardan aşağı ticarət olunmaqdadır.

Banker.az xəbər verir ki, Brent markalı xam neft London birjasında 0.10% qiymət itkisi ilə 76.09 dollar/barrel, WTI nefti isə Nyu-York birjasında 0.15% ucuzlaşma ilə 75.05 dollar/barrelə qədər eniş yaşayıb.

OPEC+ formatı çərçivəsində hasilatı 2022-ci ilin sonunadək artırmaqla bağlı razılaşmaya dünyada ixraca görə 6-cı ən böyük dövləti olan Birləşmiş Ərəb Əmirlikləri qarşı çıxır.

Reuters-ə mənbələrin dediyinə görə, dünən OPEC+ çərçivəsində keçirilən tədbirlər zamanı 2021-ci ilin sonunadək gündəlik hasilatı 2 milyon barel artırmaq və hasilatın ixtisar olunması siyasətini 2022-ci ilin aprel ayından dekabr ayınadək uzatmaq barədə müvafiq qərarlar BƏƏ tərəfinin mövqeyi səbəbilə baş tutmayıb.

BƏƏ nümayəndələri hasilatın artmasına qarşı çıxmasa da, onlara daha yüksək kvota verilməsini istəyiblər. Onlar BƏƏ-nin hasilat həcmini 3.17 milyon bareldən 3.8 milyon barelədək artırılmasını istəyirlər. BƏƏ hasilatı artırmaq üçün artıq külli miqdarda vəsait yatırıb.

Bu aralıqda, ABŞ-ın hökumət nümayəndəsinin açıqlaması da əlavə təzyiq kimi qalmaqdadır. Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib ki, ABŞ hökuməti neft qiymətlərində müşahidə olunan artımın nəticələrindən narahatdır və hesab edir ki, hazırda dünyada neft hasilatını artırmaq üçün imkanlar mövcuddur.

“Neftin bahalaşmasını görmüşük. Bu, əlbəttə ki, OPEC-in yaxın günlərdə toplaşdığı zaman müzakirə edəcəyi mövzu olacaq. Dünya iqtisadiyyatının yenidən dirçəlməsi və normal istehlakçı fəaliyyətinin bərpası səbəbindən neftə tələb artıb. Bütün hallarda hesab edirik ki, qlobal miqyasda kifayət qədər neft ehtiyatı mövcuddur”- deyə Psaki qeyd edib.

Bildirək ki, ötən il pandemiyanın səbəb olduğu tələbat azalması ilə bağlı OPEC+ formatı çərçivəsində hasilatı may ayından 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaltmaq və sonrakı dövrdə 2022-ci ilin aprel ayınadək həmin ixtisarı mərhələli şəkildə azaltmaq barədə razılaşma əldə edilmişdi.

Neftin qiyməti isə 2021-ci ilin əvvəlindən COVID-19 virusuna qarşı kütləvi peyvəndləşmənin başlaması ilə 50 dolların üzərin, növbəti ayda 60 dolların və iyun ayında isə 70 dolların üzərinə qədər qiymət qazanıb.

 

Son xəbərlər
Digər xəbərlər