Neft qiymətləri 4 faizdən çox bahalaşıb

Neft qiymətləri bazar ertəsi Asiya ticarətində 34%-dən çox artıb. Buna səbəb ABŞ və İran arasında yenidən alovlanan qarşıdurmanın qlobal xam neft tədarükünə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqların artması və Tehranın Hörmüz boğazının bağlandığını elan etməsi olub.

Banker.az xəbər verir ki, ticarət zamanı sentyabr ayı üzrə Brent markalı neft fyuçersləri 4,54% bahalaşaraq bir barel üçün 79,43 ABŞ dollarına, WTI markalı xam neft fyuçersləri isə 3,4% artaraq 73,83 ABŞ dollarına yüksəlib. Hər iki neft markası ötən həftə də 4%-dən çox bahalaşmışdı.

Qiymət artımı İranın ABŞ-ın hərbi zərbələrinə cavab olaraq Qətər və BƏƏ də daxil olmaqla Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlarını genişləndirməsindən sonra sürətlənib. Tehran kommersiya gəmisinin zərbə aldığını bildirərək Hörmüz boğazının bağlandığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp isə bu iddianı təkzib edərək boğazdan kommersiya gəmiçiliyinin ABŞ-ın mühafizəsi altında davam etdiyini bildirib. Bununla belə, həftəsonu gəmi hərəkətinin kəskin azalması bazarlarda narahatlığı artırıb.

Hörmüz boğazı Səudiyyə Ərəbistanı, İraq, Küveyt, BƏƏ və digər Körfəz ölkələrinin neft ixracı üçün əsas marşrut hesab olunur. Analitiklər hesab edirlər ki, mümkün uzunmüddətli fasilələr xüsusilə Asiya emalçılarını alternativ tədarük mənbələri axtarmağa məcbur edə, eyni zamanda yükdaşıma və sığorta xərclərini artıra bilər. Bazar iştirakçıları həmçinin böyük neft istehsalçılarının mümkün addımlarını və strateji neft ehtiyatlarından istifadə ehtimalını izləyirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər