Neft qiymətləri geosiyasi risklərin artması fonunda yüksələrək son yeddi ayın maksimumuna yaxınlaşıb.
Banker.az xəbər verir ki, Brent markalı neft 0.8% artaraq 72.08 dollar, WTI isə 0.9% bahalaşaraq 66.88 dollar olub. Brent iyulun sonundan, WTI isə avqustun əvvəlindən bəri ən yüksək səviyyədə ticarət olunur.
Bazar iştirakçıları ABŞ və İran arasında keçiriləcək növbəti nüvə danışıqları ərəfəsində riskləri qiymətləndirirlər. Danışıqların üçüncü raundu cümə axşamı Cenevrə şəhərində baş tutacaq. ABŞ İranın nüvə proqramından imtina etməsini tələb edir, Tehran isə nüvə silahı hazırladığı iddialarını rədd edir.
Artan gərginlik fonunda ABŞ hökuməti Beyrutdakı səfirliyində zəruri olmayan əməkdaşları geri çağırır. ABŞ Prezidenti Donald Trump isə İran razılaşmaya getməzsə, bunun “çox pis nəticələr” doğuracağını bildirib.
Analitiklər qeyd edirlər ki, qiymətlər əsasən real təklif azalması deyil, mümkün hərbi eskalasiya gözləntiləri ilə dəstəklənir. Bununla yanaşı, Trampın yeni tarif artımı planları qlobal iqtisadi artım və yanacaq tələbi ilə bağlı qeyri-müəyyənliyi artırır.







