Dünya bazarında neft qiymətləri əvvəlki sessiyadakı enişdən sonra cümə günü səhər yenidən yüksəlib.
Banker.az “İnterfaks”a istinadən xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barelə görə 77.99 ABŞ dolları təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0.52 % çoxdur.
Nyu Yorkun əmtəə birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarının gedişində fevral ayı üçün WTI markalı neftinin fyuçerslərinin kotirovkaları 0.75% artaraq 1 barelə görə 72.73 dollar təşkil edib.
Xatırladaq ki, ABŞ Energetika Nazirliyinin cümə axşamı verdiyi məlumata görə, ölkədə kommersiya məqsədli neft ehtiyatları dekabrın 29-da bitən həftədə 5.5 milyon barel azalıb. “Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu daha az azalmanı (3.73 milyon barel) nəzərdə tuturdu.