Beynəlxalq Enerji Agentliyi (IEA) neftlə bağlı açıqlamaları və ABŞ-da neft anbarlarında yarım milyard barrel əlavə olunması xəbərləri ilə neftin qiyməti həftənin ən aşağı qiymətinə düşüb.
Banker.az xəbər verir ki, Londonun “ICE” birjasında Brent markalı xam neftin bir barreli may fyuçersləri üçün 0.39 dollar, yaxud 0.57% azalma ilə 67.61 dollara qədər düşüb. Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı xam neftin bir barreli aprel fyuçersləri üçün 0.38 dollar, yəni 0.59% enişlə 64.22 dollara düşüb.
Ötən gün EIA açıqladı ki, bazarda neft tədarükü boldur, buna görə də qiymətlərin (70 dollara qədər) artmasına səbəb olacaq yeni bir “super dövr” ərəfəsində deyilik. Agentlik qeyd edib ki, neft qiymətlərində dramatik və davamlı artım gözlənilmir.
“Ancaq məlumatlarımız və təhlillərimiz bunun əksini deyir. Əvvəla, neft ehtiyatları qiymətdəki azalmaya baxmayaraq hələ də yüksəkdir. Əlavə olaraq, neft çənlərində qlobal neft bazarını təmin edəcək kifayət qədər məhsul var. İnkişaf etmiş ölkələrdəki neft ehtiyatları isə 110 milyon barrel ilə hələ də, keçən ilin yanvar ayının səviyyəsindən yüksəkdir”.
Agentlik onu da əlavə edib ki, cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5.5 milyon barrel (6%) artaraq gündəlik 96.50 milyon barrelə çatacaq.
IEA-ya görə, Asiya, Avropa və ABŞ-da soyuq hava şəraiti səbəbindən ilin ilk rübündə neft tələbatı gözləniləndən daha yüksək olub.
Bu il sutkalıq tələbatın 35.8 mln barreli Asiya-Sakit Okean bölgəsində, 30.1 mln barreli Amerika qitəsində, 13.9 mln barreli isə Avropada formalaşacaq.
Güclü iqtisadi dəstəklə yeni növ koronavirusa qarşı vaksinasiya prosesinin bu ilin ikinci yarısında neftə olan tələbatın artmasına dəstək verəcəyi gözlənilir.